Son vaxtlar Azərbaycan-Rusiya münasibətləri daha da inkişaf edərək strateji müttəfiqliq müstəvisinə yüksəlib. Bu da hərbi gücünə görə dünyanın lider dövlətlərindən sayılan Rusiyanın işğal altında olan Dağlıq Qarbağın sülh yolu ilə azad edilməsinə ümidlər yaradır. Çünki, işğalçı Ermənistan bir növ Rusiyanın təsiri altında olan yarım azad dövlətdir. Rusiyanın istəyi və bunun fonunda Sarkisyan rejimindən tələbi olarsa, şübhəsiz ki, münaqişənin həllinə nail olmaq olar. Səbəbsiz yerə siyasi şərhçilər "Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiadadır" deməyirlər ki.
Politoloq Rüstəm Məmmədov da o fikirdədir ki, Rusiyanın istəyi əsasında Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşalda bilər. Politoloq "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Rusiya prezidenti Vladimir Putin son dövrlərdəki proseslərdən özünə çıxış yolu tapıb: "Vladimir Putinin əsas məqsədi Yaxın Şərqdə baş verən qanlı hadisələrdə öz mövqeyini qoruyub saxlamağa çalışır. Bu mənada Rusiya Azərbaycanı özünə mütəfiq bilir. Azərbaycanı mütəfiq bildiyinə görə, Rusiya Azərbaycanın problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək istəyir və edəcəkdə. Çünki V.Putinin başqa variantı yoxdur. Əgər Rusiya tərəfi Azərbaycana bu məsələdə köməklik etməsə Azərbaycanla münasibətlərdə soyuqluq yarana bilər. Bu baxımdan indiki zamanda inandırıcı görünmür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəməməsin. Yəni Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı ölkə olan Ermənistanın yox, Azərbaycanın yanında olacaqdır".
R.Məmmədovun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv fəaliyyətinə dünya birliyinin hələ də ikili yanaşma nümayiş etdirməsi təəccübə və təəssüfə səbəb olmaqdadır: "Yəni hələ də Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmamasının əsas səbəbi dünya ictimaiyyətinin ikili mövqedən yanaşmasıdır. Bu baxımdan da, burada işğalçı ölkəyə qarşı hansı cəza tətbiq olunmalıdır? Bu cəza iqtisadi-siyasi sanksiyalar olmalıdır".
"Avropa İttifaqından və BMT-dən işğalçılıq siyasətinə görə, Ermənistana cəza verilməsini gözləyirsinizmi" sualına cavab olaraq R.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Həmin qətnamələr də işğalçı Ermənistanın adı konkret olaraq çəkilmir. Bu özü-özlüyündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə çox böyük mənfi təsir göstərən amildir. Bu baxımdan qeyd etdiyim kimi, münaqişəni ancaq Rusiya həll edə bilər. Təbii ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı layiq olduğu cəza verilməlidir. Yəni Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyinə görə, dünya birliyi Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Təəssüflər olsun ki, bu gün açıq şəkildə Ermənistanın işğalçı bir ölkə olması etiraf olunmur".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB