Sədaqət Vəliyeva: “YAP aparıcı qüvvə kimi özünü təsdiqləyib” MÖVQE

Sədaqət Vəliyeva: “YAP aparıcı qüvvə kimi özünü təsdiqləyib” MÖVQE

"Bu gün Yeni Azərbaycan Partiyası milli siyasi iradəni təmsil edən, xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası təkcə ölkəmizin deyil, həm də regionun ən mütəşəkkil və güclü siyasi təşkilatıdır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1992-ci ildə yaradılmış Yeni Azərbaycan Partiyası bu gün Cənubi Qafqazın lider partiyasına çevrilib: "Ümumxalq partiyası kimi Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü hər il qeyd olunur. Bu il partiyamızın 23 illiyi Nizami rayon təşkilatı tərəfindən silsilə tədbirlərlə qeyd edilir. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına BNEZ-in akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda rayon təşkilatının sıralarında 140-dan çox ərazi ilk partiya təşkilatında 11 mindən artıq üzv birləşib. Sevindirici haldır ki, üzvlərimizin 55 faizindən artığını gənclər təşkil edir. Cəmiyyətdə aktivliyilə seçilən qadınlarımız isə 5000 nəfərdən artıqdır. Dahi Öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə də böyük inkişaf yolu keçib. Müasir Azərbaycanın müstəqillik tarixinin uğurları YAP-ı yaradan Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğu kimi, eyni zamanda, bu ideyaların ətrafında sıx birləşən partiyanın hər bir üzvünün böyük fədakarlıqları ilə əlaqədardır. YAP-ın möhtəşəmliyinin əsasında dayanan ilk növbədə Ümummilli Lider Heydər Əliyev ideyalarıdır. Partiyanın gücü və əzəməti onun Sədri İlham Əliyevin Azərbaycanın Prezidenti kimi ölkəmizdə həyata keçirdiyi siyasətin uğurları, nailiyyətləri və qələbələridir. Partiyanın gücü, eyni zamanda, Azərbaycan xalqının YAP-a inamı, etibarı və etimad göstərməsidir. Məhz, YAP 660 mindən artıq üzvü öz sıralarında birləşdirməklə ümumxalq partiyası olduğunu nümayiş etdirir. YAP-ın fəaliyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da artıb, ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxarıb. Bir sözlə, Yeni Azərbaycan Partiyası xalqı öz ətrafına toplayaraq ümumxalq partiyasına çevrilib, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə