Məzahir Pənahov: “52 626 müşahidəçi qeydə alınıb” YENİLƏNİB - VİDEO

Məzahir Pənahov: “52 626 müşahidəçi qeydə alınıb” YENİLƏNİB - VİDEO

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan etdikdən sonra komissiya üzvləri tərəfindən Azərbaycan Respublikası MSK-nın 11 oktyabr 2015-ci il tarixli iclas protokolu səsə qoyularaq təsdiq olunub.

MSK sədri Məzahir Pənahov deyib ki, MSK-da 725 müşahidəçi qeydiyyatdan keçib: "Dairə seçki komissiyalarında isə 52 626 müşahidəçi qeydə alınıb. Parlament seçkisini izləmək üçün MSK-da 27 beynəlxalq təşkilatdan 318 müşahidəçi qeydiyyatdan keçib".

Qurum rəsmisi həmçinin bildirib ki, seçki bülletenlərinin çapı sabah başa çatır: "Oktyabrın 22-dən başlayaraq bülletenlər seçki dairələrinə paylanılacaq. Yerlərdə bülletenlərin saxlanılması üçün problem yoxdur. Bülletenlər səsvermə gününə 3 gün qalmışa qədər seçki məntəqələrinə paylanılmalıdır".

Daha sonra MSK-nın sədr müavini Natiq Məmmədov tərəfindən 2015-ci il noyabrın 1-nə təyin edilmiş Mill Məclisə seçkilərlə əlaqədar "exit poll" keçirmək niyyətində olan qurumların müraciəti haqqında məlumat verilib.

Sədr müavini deyib ki, artıq Azərbaycanda bir neçə seçkidə "exit-poll" keçirilib: "Bununla bağlı ölkədə strukturlaşmış qurumlar var. Müraciət edənlər "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasıdır. Müraciət edən təşkilatların kifayət qədər təcrübəsi var. Hər qurumun özünün hədləri var. Məsələn, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzi 18 dairədə, 210 seçki məntəqəsində, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi isə 110 seçki dairəsinin 180 seçki məntəqəsi üzrə "exit-poll" keçirəcək".

Müzakirələrdən sonra müraciətlər səs verməyə çıxarılaraq qəbul edilib.

MSK-nın katibi Mikayıl Rəhimov isə bəzi dairə seçki komissiyalarının tərkibində edilən dəyişikliklər barədə ətraflı məlumat verib.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə