Məzahir Pənahov: "1233 nəfərin namizədliyi qeydə alınıb"
1 mandata 10 namizəd YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov iclası açıq elan edib və iclasın gündəliyi səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub.

MSK sədri Məzahir Pənahov deyib ki, 1233 nəfər namizəd qeydə alınıb: "Onlardan 274 nəfəri siyasi partiyalardan, 18 nəfəri "Azadlıq-2015" blokundan, 2-si isə təşəbbüs qrupundan, qalanı isə fərdi qaydada müraciət edənlərdir".

Daha sonra söz MSK katibi Arifə Muxtarovaya verilib. O, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verib. İclasda Müsavat Partiyasının Biləsuvar rayon təşkilatının sədri Yusif Mehdinin şikayətinə baxılıb. 66 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürən Yusif Mehdi müraciətində DSK-nın qərarına etiraz edib. MSK-nın Eksert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun DSK-ya təqdim etdiyi imzaların 171-i etibarsızdır. MSK üzvü Validə Kazımova deyib ki, həmin ərazidə yaşayan seçicilər aldadılma yolu ilə onlardan imza toplanıldığını iddia ediblər. R.Mehdinin səlahiyyətli nümayəndəsi, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, dairə seçki komissiyası qanunsuzluğa yol verib. MSK şikayəti təmin etməyib.

İclasda həmçinin iclasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlunun şikayətinə baxılıb. "Azadlıq-2015" seçki bloku tərəfindən 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədliyini irəli sürən M.Mirəlioğlu MSK-ya müraciətində bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb. M.Mirəlioğlunun səlahiyyətli nümayəndəsi Bəybala Əbil məlumat verib ki, dairə seçki komissiyası M.Mirəlioğlunun 550 seçici imzasından 114 imzanı etibarsız hesab edib. Onun sözlərinə görə, DSK seçici imzalarında bəzi qeydlərin olmadığını əsas gətirib. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, M.Mirəlioğlunun DSK-ya təqdim etdiyi 550 imzadan 114-ü etibarsızdır. MSK DSK-nın qərarını qüvvədə saxlayıb, M.Mirəlioğlunun deputatlığa namizədliyi qeydə alınmayıb.

Sonda cari məsələlərə baxılıb.

Qeyd edək ki, Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə