Məzahir Pənahov: “317 nəfərin namizədliyi qeydə alınıb”

Məzahir Pənahov: “317 nəfərin namizədliyi qeydə alınıb”

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 1560 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib: "Bunlardan 560 nəfər siyasi partiya, 60 nəfər "Azadlıq- 2015" siyasi blok, 3 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 937 nəfər öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb. 1461 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onların 1352-nə imza vərəqələri verilib".

M.Pənahov həmçinin deyib ki, 317 nəfərin namizədliyi qeydə alınıb: "Onlardan 123 nəfəri 13 siyasi partiya tərəfindən, 94 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. MSK-da 108 nəfər müşahidəçi akreditasiyadan keçib. Onlardan 97-si fərdi qaydada müraciət edib, 10 nəfər QHT tərəfindən müraciət edib, 1 nəfər isə xüsusi icazə almış müşahidəçidir".

Sonra bu ilin noyabrın 1-nə təyin edilmiş parlament seçkilərilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova Ümid Partiyasının üzvü Anar İsayevin deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya müraciət etdiyini deyib. O qeyd edib ki, MSK Ekspert Qrupu Anar İsayev 81 saylı Beyləqan seçki dairəsindən namizədliyinin qeydə alınmaması məsələsini araşdırıb. Məlum olub ki, onun təqdim etdiyi imzalar yetərlidir. A.İsayevin namizədliyi səsə qoyularaq qəbul edilib.

Müsavat Partiyasının Divan üzvü Vəfa Abbasova (Cümşüdlü) deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə də baxılıb. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırma nəticəsində 550 imza 133-ü etibarsız hesab edilib, 44 saylı Sumqayıt seçki dairəsinin qərarı qüvvədə saxlanılıb. Beləliklə, V.Abbasovanın deputatlığa namizədliyi qeydə alınmayıb.

Sonda cari məsələlərə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə