Millət vəkili: “Azərbaycan daha yüksəklərə ucalacaq” MÖVQE

Millət vəkili: “Azərbaycan daha yüksəklərə ucalacaq” MÖVQE

"Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır". Bu fikirləri SİA-ya millət vəkili Malik Həsənov deyib. O qeyd edib ki, müstəqil Azərbaycanın dahi şəxsiyyətləri arasında böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan Ümummilli Liderimizin müstəsna yeri var: "Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə ulu öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır".

Ulu Öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu Öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir".

Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır".

Millət vəkili deyib ki, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi Lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir".

Malik Həsənov son olaraq onu da vurğulayıb ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir və xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Heydər Əliyev Azərbaycan xalqına son müraciətində ölkədə rəhbərlik etdiyi illərdə bir azərbaycanlı, vətəndaş və rəhbər kimi yeganə amalının varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətinə, ölkənin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət etməkdən ibarət olduğunu söylədi. O bu yolda bütün gücünü, iradəsini yalnız müdrik və qədirbilən xalqından almışdı. Ən çətin vəziyyətlərdə bu inam və xalqına arxalanmaq Heydər Əliyevə dözüm, iradə verib, bütün uğurlarını təmin edib. Elə "Xalq-Heydər, Heydər-Xalq" birliyi də belə yaranıb.

Xalqımız xoşbəxtdir ki, Ümummilli Liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə öndədir. Dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ölkəmiz avropa məkanında keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi etmək hüququnu əldə edib. Bu baxımdan, bizlər əminik ki, Ulu Öndərimizin bütün arzuları çin olacaq və Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə daha layiq yüksəklərə ucalacaqdır".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə