Səxavət Əlisoy: “Arif Hacılı Müsavat Partiyasında maliyyə fırıldağının başında dayanır” ŞOK AÇIQLAMA

Səxavət Əlisoy: “Arif Hacılı Müsavat Partiyasında maliyyə fırıldağının başında dayanır” ŞOK AÇIQLAMA

"Ümumiyyətlə mən Müsavat Partiyasının sıralarında xaric edilməyimi gözləyirdim. Bu barədə məlumatı sosial şəbəkədə paylaşmışdım. Təbii ki, mən Müsavat Partiyasının qurultayının nəticələrini leqitim saymıram". Bu barədə SİA-ya Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Müsavat Partiyasının sıralarından xaric olunmasına münasibət bildirərkən deyib.

"Mən Arif Hacılını, onun Divanını, Mərkəzi Nəzarət Təftiş Komissiyasını (MNTK), nə də onun Məclisini leqitim hesab etmirəm. Bizim onların kimləri cəzalandıracaqları haqda məlumatlarımız var idi. Onların ötən dəfə keçirilən toplantısında da kimləri cəzalandırmaq haqqında bilgiyə malik idik. Guya onlar hələ Əlövsət Talışxanlıya lütf ediblər. Mənim Arif Hacılı ilə siyasi baxışlarımız bir-birinə təzad təşkil edir. O daha çox populizm, boş-boş cəfəng danışmaq və addımlar atmağın tərəfdarıdır. Mən isə siyasi proseslərin intellektual çərçivədə aparılmasının tərəfdarı olmuşam. Bizim onunla aramızda illərlə bu cür siyasi mübarizə gedib" – deyə, S. Əlisoy fikrini bildirib.

Müsavat Partiyası başqanlığına keçmiş namizəd hesab edir ki, Partiyada bütün populizm çıxışların başında Arif Hacılı dayanıb: "Onun partiyasının rayon təşkilatlarının 70-80 faizi iflic vəziyyətdədir. Müsavat Partiyasında maliyyə fırıldağı mövcuddur və burada maliyyə şəffaflığından söhbət gedə bilməz. Buna da birbaşa rəhbərlik edən Arif Hacılıdır. Yəni, bizim onunla siyasi birgə fəaliyyətimiz mümkün olan proses deyildi. Onlar çox gözləyirdilər ki, mən özüm istefa verim. Heç şübhəsiz ki, burada başqa səbəblər də var. Niyə məhz mənim üstümdə dayanmaları ilə bağlı zamanla açıqlama verəcəm".

Qeyd edək ki, bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Toplantıda partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiya sıralarından xaric edilib. Divan S. Əlisoyun partiyanın siyasi xəttinə zidd davrandığını əsas götürüb.

Xatırladaq ki, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Divanın noyabrın 17-də keçiriləcək növbəti iclasına dəvət olunub. S. Əlisoy və Ə. Talışxanlı Divana getməyəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə