“Onlar vətəndaş gözünün mizan tərəzisindəki yerlərini çoxdan itiriblər” MÜSAHİBƏ
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, Müsavatdan istefa verənlərin bir hissəsi yenidən Milli Şuraya üz tutmağa qərar verirlər. Belə düşünmək olarmı ki, artıq Əli Kərimli İsa Qəmbər və Arif Hacılıya olan düşmənçilik münasibətlərini sözdən əmələ çevirir?
- Əgər Müsavatdan istefa verənlər Milli Şuraya üz tutursa demək ki, yağışdan çıxıb yağmura düşməyi də gözə alıblar. Və ya belə deyək: İndi guya bunlar "daha abırlı variant" tapıblar… Məgər Milli Şura bunları daha ağ günə çıxaracaq? Əlbət ki, yox. Çünki, müxalifətdə öncül simaların mahiyyəti dəyişməyincə onların təmsil olunduğu təşkilatların da gücü və sanbalı eyni miqyasda qalacaq. Yəni biri beşinə dəyməyəcək, beşi birinə. Hər zaman olduğu kimi!
O ki qala, Əli Kərimlinin rəqib partiya ilə düşmənçiylinə, Əli Kərimli o qədər naqis, riyakar, intriqant biridir ki, ondan bunun əksini gözləmək absurd olar. Məhz əksini! Niyə? Çünki, Kərimli kiməsə "torba" tikmədən, kiməsə ziyan vurmadan, kimisə hədələmədən, şantaj etmədən, kiminsə sahəsinə girmədən rahat olacaq biri deyil. Yox, əgər bu dediyimə inanmırsınızsa, buyurub "Azadlıq"qəzetinin manşetlərinə baxın. O qəzet ki, AXCP sədrinin konkret "obyekt"idir, şər maşınıdır, iftira mənbəyidir. Eyni zamanda Kərimlinin əsl simasının təcəssümüdür. Baxın və görün! Görün ki, bu adam 25 il çörək kəsdiyi insanlara qarşı hansı münasibəti sərgiləyir, siyasi meydanda hansı axırıncı yollara gedir. Görün və dəqiqləşdirməyə çalışın ki, Kərimlinin ümumiyyətlə istədiyi nədir?
- Sizcə, Müsavat funksenerləri ilə AXCP rəhbərliyinin bir-birlərinə olan düşmən münasibətləri arxasında daha hansı amillər dayanır?
- Ambisiyadan. Sahib olduqları ağıl və istedadla adekvatlıq təşkil etməyən ambisiyadan! Mənəm-mənəmlik kompleksindən! Cılız təfəkkürdən! Siyasi naşılıqdan! Müxalifətçiliyin monopoliyası uğrunda gedən əbədi savaşdan!. Ona görə də, bu gündədirlər, bir cüt iki tək adamla baş-başa qalıblar, təşkilatlarında, düşərgələrində ağız deyəni qulaq eşitmir. Ona görə dağıdıcı müxalifətin düşərgəsinə bir vaxtlar cavan yaşında qoşulanlar artıq pensiya yaşlarını da eyni adlı məkanda müxalifətçi olaraq qeyd edirlər. Həmişə də belə olacaq və olacaqlar, inanın! Son nəfəslərinə qədər.
Bir-biri ilə vuruşacaqlar, döyüşəcəklər, didişəcəklər və heç bir zaman da anlamayacaqlar ki, siyasətə nə üçün gəliblər, buradakı əsas işləri nədir, hansı məqsəd uğrunda mübarizə aparmalı idilər...Sadəcə yazıq və miskin durumda olanlar bilirsinizmi kimlərdir? Bu liderciklərə illərdir ümid bağlayanlar. İsa Qəmbər və Əli Kərimlinin əsl mahiyyətini 20 il sonra görənlər. İndi də qalıblar mənasiz, dəxilsiz fraksiyaların, qruplaşmaların əlində. Hərə bir söz deyir, hərə bir komanda yaradıb, hərə özünə bir ağa olub.
- Müxalifətdaxili intiriqalar və qarşılıqlı ittihamlar nəticə etibarı ilə bu düşərgənin cəmiyyətin gözündən daha da düşməsinə gətirib çıxardığını demək olarmı?
- Cəmiyyətin gözündə məgər varmıydılar ki, hələ bir o gözdən düşsünlər də? Xeyr! Onlar vətəndaş gözünün mizan tərəzisindəki yerlərini çoxdan itiriblər. Müxalifət çox uzun müddətdir ki, yoxluğun, gözə gözürnməzliyin məhkumiyyətni yaşayır. Həm də öz günahları, öz səbatsızlıqları, öz riyakarlıqları ucbatından!
- Elşən müəllim, sizcə, bələdiyyə seçkiləri ilə bağlı müxalifətin fəaliyyətinin hiss olunmaması onların daha çox biri-birlərini sıradan çıxartmaq üçün apardıqları mübarizəyə önəm verməsi ilə ölçülə bilərmi?
- Qətiyyən. Bələdiyyə seçkilərinə müxalifətin qatılmamasının tək bir səbəbi var: Adamları yoxdur! Vəssalam. Bunlarin sosial şəbəkələrdə arvad adı ilə gizlənən, saxta imzalarla bərq vuran "qəhrəman"larından başqa kimsələri yoxdur. Nə seçkidə, nə meydanda, nə də lazım olan digər yerlərdə. Fəaliyyətləri necədirsə, özləri də o cürdür. Əsatir kimi, mif kimi, yuxu kimi...
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB