Vidadi Mirkamalın iddiası birmənalı qarşılanmadı

Vidadi Mirkamalın iddiası birmənalı qarşılanmadı

Milli Şura üzvü Vidadi Mirkamalın adıçəkilən qurumda təmsil olunmayan müxalifət təşkilatlarını real müxalifət kimi görməməsi ətrafındakı iddiaları düşərgədə birmənalı qarşılanmayıb. Sözügedən məsələ ilə bağlı SİA-ya açıqlama verən bir sıra müxalifət partiyalarının təmsilçiləri Vidadi Mirkamalın haqsız olduğunu düşünürlər.

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov: "Kimlərsə müxalifətin ölçü vahidini müəyyənləşdirən barometr rolunu oynanamalıdır"

- Müxalifətin olub-olmamasının ölçü vahidi heç kim ola bilməz. Bunu cəmiyyətin özü görür və xalqın özü müəyyənləşdirir ki, hansı siyasi qüvvələrin gücü nədir, onların siyasi yönümü nədir. Digər tərəfdən, siyasi partiyaların özləri müəyyənləşdirirlər ki, onların siyasi müstəvidə yerləri haradadır. Ona görə də kiminsə hansı qiymət verməsi, fərd olaraq kimin nə deməsi o qədər də əhəmiyyət daşımır. Bir daha qeyd edirəm ki, kimlərsə müxalifətin ölçü vahidini müəyyənləşdirən barometr rolunu oynamamalıdır. Ona görə də AMİP kiminsə sözü, kiminsə fikirləri ətrafında fəaliyyət göstərməyib, bundan sonra da belə olacaq. AMİP heç vaxt nə ana müxalifət, nə ata müxalifət, real müxalifət – yəni bu kimi mənasız adlar uğrunda da mübarizə aparmayıb. Bizim partiyanın mövqeyi, siyasi baxışı aydındır. Bu siyasi xətt də, mövqe də cəmiyyət tərəfindən dəstək ala bilirsə, bu bizə kifayətdir. Milli Şuraya gəldikdə isə yaxşı olardı ki, onlar özləri ilə mübarizədə bir-birlərinin başlarını qarışdırsınlar və zatən onların başqa işləri-gücləri də yoxdur.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa: "Bu fikirlər heç də ciddi səslənmir"

- Bu fikir heç də doğru fikir kimi qiymətləndirilməməlidir. Çünki müxalifətçilik cəmiyyətə hansı fikirlərin, ideyaların və hakimiyyətdən fərqli mövqelərin açıqlanması deməkdir. Əgər sadəcə adlanmaq naminə müxalifətçilik varsa, onda belə adlanan xeyli təşkilatlar var. Amma faktiki olaraq, nə özlərinin, nə liderlərinin cəmiyyətə, geniş ictimai rəyə təsir imkanları yoxdur. Ona görə də bu fikirlər heç də ciddi səslənmir və hesab edirəm ki, hər kəs öz cinahında Azərbaycanın faydasına işlər görməyə çalışmalıdır.

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli: "Kimlərinsə partiyamızı real müxalifət kimi görməməsi bizi maraqlandırmır"

- Əsassız iddiadır. Ona görə də hesab edirəm ki, Vidadi Mirkamal bizi hədəf kimi seçib. Onun bu kimi fikir söyləməsi heç də doğru addım kimi qiymətləndirilə bilməz. Müsavat Partiyası siyasi müxalifət təşkilatı olaraq fəaliyyət göstərir və kimlərinsə partiyamızı real müxalifət kimi görməməsi bizi maraqlandırmır.

Ədalət Partiyası Ali Məclisinin sədri Mütəllim Rəhimli: "Necə olur ki, vaxtilə orada təmsil olunan partiyalar müxalifətçi hesab olunurdusa, hazırda orada təmsil olunmayan həmin partiyalar müxalifətçi deyil?"

- Əvvəla onu deyim ki, Milli Şura yarandığı zamandan fərqli olaraq indi tamamilə başqalaşıb. Əvvəllər orada daha çox partiyalar təmsil olunurdusa, indi bu partiyaların çox hissəsi oradan çıxıb, ya da ümumiyyətlə onun tədbirlərinə qatılmır. Ona görə də Vidadi Mirkamalın fikiri ilə qətiyyən razı deyiləm. Necə olur ki, vaxtilə orada təmsil olunan partiyalar müxalifətçi hesab olunurdusa, hazırda orada təmsil olunmayan həmin partiyalar müxalifətçi deyil? Çünki real müxalifətçi olmaq hansısa quruma daxil olmaq, ya da oradan çıxmaq deyil. Özünü müxalifət hesab edən tərəf qarşısına qoyduğu missiyanı, məqsədləri həyata keçirir.

İkinci bir tərəfdənsə, müxalifətin işi yalnız hakimiyyətə qarşı sərt davranış göstərmək deyil. Hakimiyyətin uğurlu işləri az deyil və biz də müxalifət olaraq həmin işləri müsbət qiymətləndiririk. Ona görə də bu cür kriteriyalarla yanaşmaq, real müxalifətin kim olduğunu iddia etmək yanlış düşüncədir. Çünki Ədalət Partiyasının özü öz siyasətində iqtidarın bu və ya digər əməllərinə tənqidi münasibət bəsləyib. Lakin biz məsələyə o cür yanaşmırıq ki, müxalifətsənsə, mütləq radikal çıxışlar edəsən. İqtidarın dorğu-düzgün addımları təqdir etmək lazımdır. Ona görə də hesab edirəm ki, normal, sivil qaydadan uzaq olan şəkildə ittihamlarla, iddialarla çıxış etmək yanlışdır. Görünür, onlarda qeyd edilən fikirlər formalaşmadığına görə, bu cür yanaşmalar üzə çıxır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə