Müdafiə Sənayesi Sərgisinə 34 ölkədən 200 şirkət qatılacaq

Sentyabrın 11-də "Baku Expo" Mərkəzində Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) sərgisi açılacaq. SİA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə 11-13 sentyabr tarixlərində keçiriləcək sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət, o cümlədən 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edəcək.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belorus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənəcək.

Y. Musayev bildirib ki, ilk sərgi olmasına baxmayaraq, çoxlu sayda dövlətin və şirkətin sərgidə iştirakı Azərbaycanın dünyadakı nüfuzu və özünü təsdiqləməsinin göstəricisidir: "Azərbaycan postsovet məkanında Rusiya, Belarus və Qazaxıstandan sonra belə sərgi keçirən dördüncü ölkədir".

Y. Musayevin sözlərinə görə, ildən-ilə Azərbaycan müdafiə sənayesinin istehsal imkanları artır və sərgidə Azərbaycan tərəfindən 168 adda məmulat - aviabombalar, atıcı silahlar, zirehli texnika üzərində qurulan qüllələr və digər məmulatlar nümayiş etdiriləcək. O qeyd edib ki, sərgi çərçivəsində keçirilən görüşlər nəticəsində Azərbaycan müdafiə sənayesinin məmulatlarının satışı ilə bağlı razılaşmaların əldə olunması mümkündür.

Nazir müavini nəzərə çatdırıb ki, sərgidə Türkiyə və İsrail müdafiə nazirləri, Belarus, Koreya, Qətər və Malayziya nazir müavinləri səviyyəsində təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə