Aydın Hüseynov: "Prezidentin bəyanatı ATƏT-in Minsk qrupu üçün xəbərdarlıq olmalıdır” AÇIQLAMA

"Azərbaycanla Avropa İttifaqı arasında yüksək münasibətlər mövcuddur. Cənubi Qafqaz regionunda Aİ-nin əsas ticari-iqtisadi tərəfdaşı Azərbaycandır. Bununla belə, Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması istiqamətində Aİ-dən ciddi səylər gözləyir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov deyib.

Sədr müavininin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Aİ fəal addımlar ata bilər. Onun sözlərinə görə, bunun üçün bu təşkilatın geniş imkanları var: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Amma qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altında olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, əgər problem beynəlxalq hüquq çərçivəsində ədalətli həll olunmasa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.

Təbii ki, Prezidentimizin bu bəyanatı beynəlxalq təşkilatlar, o cümlədən Aİ və ATƏT-in Minsk qrupu üçün xəbərdarlıq olmalıdır. Çünki Ermənistan hakimiyyəti beynəlxalq birliyin bu məsələyə laqeyd yanaşmasından istifadə edərək özünün işğalçı siyasətini davam etdirir. Beynəlxalq qurumlar, o cümlədən Aİ nəzərə almalıdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək hüququ var. Bu hüquq BMT-nin nizamnaməsində öz əksini tapır. Əgər dünya birliyi regionumuzda vəziyyətin gərginləşməsini istəmirsə, Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə məcbur etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə