Çingiz Qənizadə: “Bəzi təşkilatlar dəstək adı altında çirkin məqsədlər güdürlər” Münasibət

Çingiz Qənizadə: “Bəzi təşkilatlar dəstək adı altında çirkin məqsədlər güdürlər” Münasibət

"Bəzən şəffaflığı, obyektivliyi, hesabatlılığı, demokratiyanı, insan haqlarını dövlətlər qarşısında tələb kimi irəli sürən dövlət və təşkilatların özləri buna əməl etmirlər". Bunu SİA-ya millət vəkili Çingiz Qənizadə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsinə münasibət bildirərkən deyib.

Ç.Qənizadə bildirib ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən ayrılan pulların bölgüsü gizli saxlanılmaqla yanaşı, şəffaflıq prinsipinə də əməl olunmur və USAİD kimi təşkilatlar özlərinə maraqlı olan, onların tapşırığına uyğun layihələri reallaşdıran təşkilatlara pul ayırırlar: "Azərbaycan Prezidenti mətbuat işçilərinə ev verdi və bu zaman heç bir ayrıseçkilik olmadı. Hətta ən qatı müxalifət qəzetlərinin nümayəndələrinə də ev verildi. Zaman-zaman ölkə başçısı tərəfindən mətbuata dəstək olaraq, müəyyən borclar silinir, yardımlar edilir. Bu sırada ən radikal mövqedən çıxış edən mətbuat orqanların adlarının görürük. Belə olan təqdirdə şəffaflığı və obyektivliyi uman təşkilatlar nə üçün bunu gizli saxlayırlar? Nə üçün ancaq müxalif, radikal meylli mətbuat orqanlarına bu pullar ayrılır? Hesab edirəm ki, QHT-lərlə bağlı Milli Məclis tərəfindən qəbul olunan qanuna uyğun olaraq dövlət rəsmiləri, hüquq-mühafizə orqanları öz addımlarını atmalıdır".

Ç. Qənizadə deyib ki, bəzən QHT-lər iri məbləğdə xaricdən qrantlar alır və bu pullar ölkədə ictimai-siyasi proseslərin pozulmasına, müəyyən qızışdırcı hərəkətlərin həyata keçirilməsinə sərf olunur: "Bu gün həbs olunan jurnalistlərimiz var. Onlardan bəzisi hətta vətənə xəyanətdə ittiham olunur. Təsadüfi deyil ki, onlardan bəziləri dəfələrlə Ermənistana gedib-gəlib. Bu da layihələr vasitəsi ilə baş tutub. Hesab edirəm ki, xarici təşkilatların bu hərəkəti düzgün yanaşma deyil. Azərbaycandakı sabitliyi, iqtisadi, siyasi uğurlarımızı gözü götürməyən bəzi təşkilatlar maarifləndirici və ya dəstək adı altında müxtəlif təşkilatlara pul ayırmaqla özlərinin çirkin məqsədlərini həyata keçirməyə çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə