AXCP yekun qərarını verdi – İctimai Palata buraxılacaq

Fuad Qəhrəmanlı: "Milli Şura yarandıqdan sonra İctimai Palatanın sessiyası keçirilməyib"

Müsavat Partiyasından fərqli olaraq, İctimai Palata ilə bağlı AXCP-nin yekun qərarı bəlli olub. SİA-nın məlumatına görə, partiya sədrinin müavini Fuad Qəhrəmanlı bir çox əsasları ön görərək, qurumun bundan sonrakı fəaliyyətinin səmərə verməyəcəyini bildirib: "Milli Şura yarandıqdan sonra İctimai Palatanın sessiyası keçirilməyib. Bu müddətdə İctimai Palatanın Koordinasiya Şurası səviyyəsində ara-sıra görüşlər reallaşıb. Ümumi rəy də bundan ibarətdir ki, indiki halda Milli Şura daha təkmil birlik mexanizmi kimi önəmlidir".

"İctimai Palata isə öz missiyasını və funksiyasını artıq başa çatdırıb" - deyə bildirən Cəbhə sədrinin müavini qeyd edib ki, məhz bu səbəbdən, İctimai Palata buraxılmalıdır.

Bütün bunlara görə, müxalifətin (xüsusilə, AXCP və Müsavat partiyalarının) eyni vaxtda iki birlikdə təmsil olunmasını səmərəsiz hesab etdiyini bildirən F.Qəhrəmanlı belə hesab edir ki, yaxın vaxtlarda bu qurumun buraxılması ilə bağlı qərar veriləcək: "Çünki İctimai Palata faktiki olaraq, formal fəaliyyət göstərən quruma çevrilib".

Xatırladaq ki, Müsavat Partiyası İctimai Palatanın buraxılmasında maraqlı deyil və adıçəkilən siyasi təşkilat müxalifətin sonrakı fəaliyyətində də bu qurumun mövcudluğunu dəstəkləyir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə