Sədaqət Vəliyeva: “Azərbaycan avropalı turistlər üçün heç bir əngəl olmadan gələ biləcəyi turizm ölkəsinə çevrilir”

Sədaqət Vəliyeva: “Azərbaycan avropalı turistlər üçün heç bir əngəl olmadan gələ biləcəyi turizm ölkəsinə çevrilir”

Cənab Prezident İlham Əliyevin iştirak etdiyi Avropa Birliyinin III "Şərq tərəfdaşlığı" sammitinin bir sıra reallıqları üzə çıxarmaqla yanaşı, Azərbaycan üçün də əhəmiyyətli hadisə ilə yadda qaldı. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat qeyd edib ki, bu sammit siyasi baxımdan bir daha Azərbaycan dövlətinin sabit inteqrasiya yolunu seçdiyini və ölkəmizin praqmatik, rasional, balanslaşdırılmış xarici siyasətinin uğurlu olmasını bir daha üzə çıxarmış oldu: "Çünki, bəzi post Sovet dövlətlərində doğru xarici siyasət kursunun müəyyənləşdirilməməsi nəticəsində etirazlar, qarşıdurmalar baş verdiyi halda Azərbaycan sabit halda yoluna davam edir, hətta, Avrointeqrasiya sahəsində daha bir uğur əldə etdi".

"Sammit çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması ilə Avropaya inteqrasiya istiqamətində mühüm addım atıldı. Bununla da, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə, xüsusilə də, Şengen zonasına səfəri asanlaşdı, viza və digər məsələlərlə bağlı xərclər azaldıldı. Bununla yanaşı, Azərbaycan avropalı turistlər üçün heç bir əngəl olmadan gələ biləcəyi turizm ölkəsinə çevrilir. Əminəm ki, bu tarixi hadisə Azərbaycan üçün mühüm iqtisadi və siyasi nailiyyətlərlə yadda qalacaq" – deyə millət vəkili əlavə edib.

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə