Abdulla Gül Prezident İlham Əliyevə “Dövlət nişanı” təqdim edib YENİLƏNİB
Türkiyə Prezidenti Abdulla Gül tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə "Dövlət nişanı" təqdim edilib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Türkiyə Prezidenti Abdulla Gülə "Heydər Əliyev Ordeni" təqdim edib.
Təqdimetmə mərasimindəki çıxışı zamanı Türkiyə prezidenti Abdulla Gül bildirib ki, Türkiyənin ən yüksək nişanı olan "Dövlət Nişan"ını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etməkdən məmnuniyyət duyur: "Zamanında böyük siyasətçi, dövlət başçısı olan Ümumilli lider Heydər Əliyevə təqdim edilən "Dövlət Nişan"ını bu gün Əliyevlər ailəsinin digər nüfuzlu üzvünə təqdim etmək daha böyük sevinc qaynağıdır".
Türkiyə prezidenti Azərbaycanın ən yüksək ordeni olan "Heydər Əliyev Ordeni" ilə təltif olunmaqdan böyük sevinc hissi duyduğunu deyib: "Azərbaycanla dostluq, qardaşlıq və yaxşı qonşuluq əlaqələrimizin ən yüksək səviyyədə davamına böyük önəm veririk. Qlobal və regional proseslərin davam etdiyi bir dövrdə Azərbaycanı güvənilir limanlara daşıya biləcək bir liderin mövcudluğu gələcək əlaqələrimizin təminatıdır".
"Bakı-Tibilisi-Qars dəmiryolu və TANAP boru kəməri layihələrini sürətli bir şəkildə tamamlayaraq yeni müvəffəqiyyət hekayələri yaratmaq istəyirik"- deyən A.Gül vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən bu günə qədər iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün böyük əmək sərf edib.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev isə deyib ki, hər səfərində Türkiyəni daha da inkişaf etmiş görməkdən məmnuniyyət duyur: "Türkiyənin regional güc olması sizlər qədər bizləri də qürurlandırır".
Türkiyə Prezidenti Abdulla Gülə "Əziz Qardaşım" deyə müraciət edən ölkə başçısı Türkiyənin ən yüksək nişanı olan "Dövlət Nişan"ı ilə təltif olunmaqdan məmnuniyyətini ifadə edib: "Türkiyə bizim üçün ən yaxın dost, qardaş və müttəfiq ölkədir. Türkiyə-Azərbaycan işbirliyi və dostluğu daimi olacaq".
Qeyd edək ki, mərasimdə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB