"20 ilin "siyasətçiləri" bir rejissora aldandı"

"20 ilin "siyasətçiləri" bir rejissora aldandı"

Ötən il kimsə durub desəydi ki, müxalifətin prezident seçkilərində vahid namizədi Rüstəm İbrahimbəyov olacaq buna gülüşlə yanaşar, hətta, ağılsız fikir kimi də qəbul edərdilər. Çünki bu vədəyədək müxalifətin içində olmayan, ümumiyyətlə siyasətə heç bir aidiyyatı olmayan birisini kimsə düşərgədə təsəvvür etmək istəməzdi. Amma olanlar və bundan sonra olacaqlar çox maraqlı nüansları ortaya çıxartdı. Kimin ağlına gələrdi ki, bu xalqı öz istədiyi kimi kəndliyə-şəhərliyə bölən, erməniləri millətimizdən ağıllı, elitar kimi qələmə verən, Qarabağın Azərbaycana aid olmasını danan, Moskvadakı həyatından bezəndə İçərişəhərdə özünü "elita" adlandıranlarla filmlərdən-ssenarilərdən danışıb bahalı siqaretlərin yaratdığı tüstüsündə məst olan Rüstəm İbrahimbəyov builki prezident seçkilərində müxalifətin namizədi olacaq. Bunu açıqlamasında YAP Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.

Vurğulayıb ki, R.İbrahimbəyov göydən düşmə deyildi və onu bu işə qoşanlar əvvəlcədən ssenari hazırlamışdılar. "Məhz bu məqsədlə də onu müxalifət adına önə çıxartmaq üçün fəallıq başladılmışdı. Müsahibələrində rusca fikirləşib Azərbaycanca danışan R.İbrahimbəy ona müvəqqəti əl çalanların aurasına düşmüşdü. Az qala qoca, eynəkli və saqqallı bu adam müxalif düşərgədə yeni obraza, yeni qəhrəmana çevrilmişdi. Amma bu sona qədər belə olmadı. Rejisor müxalifətə elə bir ssenari, rol hazırlamışdı ki, düşərgə təmsilçiləri bunu xulyalarında belə canlandıra bilməzdilər. Sona qədər İbrahimbəyov müxalifəti vakkumda saxladı və ən nəhayətdə özünüzə vahid namizəd seçin, seçə bilmirsinizsə bu mənim problemim deyil, deməklə əslində düşərgədəkilərə hansı rakursadan yanaşma prizmasını ortaya qoymuş oldu. R.İbrahimbəyov hətta artıq Rusiya vətəndaşlığından çıxmaq üçün verdiyi ərizəyə də peşman olduğunu bildirməklə müxalifətin üzünə sərt bir sillə vurmuş oldu" deyə A.Hüseynov əlavə edib.

Təşkilat sədri vurğulayıb ki, 20 ilin siyasətçiləri bir günün içində bir rejissora aldanırsa bunun günahkarı kimdir? O həmçinin bildirib ki, bu gün də müxalifətin ümid bəslədiyi, göz dikdiyi R.İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmadığını, hətta bunun baş tutmamasını müxalifətə bir acıq nümayişi kimi sərgiləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə