"AXCP - Müsavat münasibətləri patoloji nifrət üzərində qurulub" MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun SƏS TV-yə müsahibəsi:
- "Milli Şura"-nın daxilindəki ziddiyyətlər getdikcə daha da qızışır. Şuranın bundan sonrakı aqibəti necə olacaq?
- "Milli Şura"-nın yaranma tarixinə nəzər salsaq, onların sağlam təməl üzərində qurulmadığının şahidi olarıq. Onlar bu qurumu süni, eyni zamanda iddialarını müvəqqəti kənarda tutaraq yaradıblar. Guya Rüstəm İbrahimbəyovun vahid namizədliyini də irəli sürdülər. Az müddət keçdikdən sonra hər kəs öz iddiasını ortaya qoydu. İsa Qəmbər bəyan etdi ki, Müsavat partiyası bu ilin yanvar ayında onun namizədliyini irəli sürüb. Bu bir daha onu göstərir ki, "Milli Şura"-nın özündə vahid namizəd məsələsi tam həll olunmayıb. Bununla yanaşı, həmin qurumda təmsil olunan radikal müxalifət liderlərinin keçdiyi həyat yoluna nəzər salsaq görərik ki, burada toplaşan hər kəsin şəxsi iddiası var. 20 il siyasətdə olub, lakin heç bir nəticə əldə etməyən şəxslər bir araya gələ bilməyiblər. Onlar bu gün olmadığı kimi, heç vaxt eyni əqidə ətrafında birləşməyiblər. Şəxsi maraqlar üzərində qurulan "Milli Şura"-nın daxilindəki böhran bundan sonra daha da dərinləşəcək. "Milli Şura" az müddətdən sonra iflasa uğrayacaq. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun sədri Əli Kərimli ziddiyyətli insandır. Onun fəaliyyəti ərzində heç vaxt hərəkətlərində ardıcıllıq müşahidə edilməyib. İsa Qəmbərlə aralarında olan ziddiyyəti müvəqqəti gizlətməyə çalışdı. O, Rüstəm İbrahimbəyovu irəli verməklə İsa Qəmbəri qabaqlamaq istəyirdi. İsa Qəmbər iddiasını ortaya qoyduğuna görə, Əli Kərimli də öz ambisiyalarını üzə çıxaracaq. Əli Kərimlinin müavini Fəhmin Hacıyevin partiyadan getməsi təsadüfi deyil. Bu AXCP-nin tərkibindəki ziddiyyətin üzə çıxması deməkdir. Fəhmin Hacıyev AXCP-dən gedirsə, deməli o, Milli Şuradan da getmiş sayılır. Digər tərəfdən isə onlar çox zəif fiqur ətrafında birləşiblər. Burada təmsil olunanların xüsusi bir çəkisi yoxdur. R. İbrahimbəyovun bu sahədə təcrübəsi isə olduqca azdır. Azərbaycan cəmiyyəti onu yaxşı tanımır. İbrahimbəyovun dövlətçilik və milli maraqlarımızın təmin olunmasında xidmətləri olmayıb. Onlar qəsdən İbrahimbəyovu qabağa verdilər, çünki bilirlər ki, o, sona qədər bu yolu gedə bilməyəcək. Bütün baş verənlərə baxsaq, "Milli Şura"-nın artıq dağılmağa başladığının şahidi olarıq.
- AXCP sədrinin müavini Fəhmin Hacıyev vəzifəsindən istefa verib. Bu onu deməyə əsas verirmi ki, AXCP yenidən parçalanır?
- Əgər fikir versəniz görərsiniz ki, seçkiqabağı və digər siyasi proseslərdə AXCP-nin iç üzü ortaya çıxır. Prezident seçkilərinə namizədlərin irəli sürülməsi prosesi partiya səviyyəsində gedir. Lakin qarşıda hələ 4 ay var. Əli Kərimli ətrafında olanlardan ancaq öz fikirlərinin təsdiq edilməsini istəyir. Bu partiyada demokratik prinsiplər yox, Əli Kərimli diktaturası mövcuddur. Sözsüz ki, bu meyllərlə barışmayan insanlar isə AXCP-dən uzaqlaşır. Onlar vahid cəbhədə birləşib, prezident seçkilərinə getmək istəsələr də, hələ heç öz partiyaları daxilində bir vahidlik yarada bilməyiblər. Bu da təbii ki, AXCP-nin tərkibindəki yarpaq tökülməsindən xəbər verir.
- AXCP və Müsavat partiyası arasındakı qarşıdurmalar o həddə çatıb ki, bir-birilərinin ünvanına təhqiramiz ifadələr səsləndirirlər. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu ictimaiyyət üçün yeni fikir deyil. Onlar hətta hakimiyyətdə olduqları dövrdə də yüksək tribunalardan bir-birilərini təhqir edirdilər. Sonrakı proseslərdə də bu vəziyyət olduğu kimi davam edib. Bu iki partiyanın bir-birinə olan münasibəti patoloji nifrət üzərində qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB