Əli Əhmədov: “Partiyanın hər bir üzvü prezident seçkilərində fəal iştirak etməlidir” FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədovun YAP Suraxanı rayon təşkilatında ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iştirak ediblər.
YAP fəalları ilə görüşdə çıxış edən hakim partiyanın icra katibi Əli Əhmədov bildirib ki, YAP bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək prezident seçkilərinə çox ciddi şəkildə hazırlaşır: "Hakim partiya artıq bu istiqamətdə işlərə başlayıb ki, bunlardan da biri partiya rəhbərliyinin ayrı-ayrı rayon təşkilatlarında fəallarla görüşlərinin keçirilməsidir. Prezident İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycanın həyatında böyük dəyişikliklər baş verib. Belə ki, dövlət başçısının 10 illik fəaliyyəti dövründə ölkə iqtisadiyyatı 3 dəfə güclənib. Azərbaycan iqtisadiyyatının güclənməsi digər sferaların da inkişafına əlverişli zəmin yaradıb".
"Bu gün Azərbaycan xalqı prezident İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. İnsanların sosial rifahının artması, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın dünyada artan nüfuzu məhz Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Partiyanın hər bir üzvü də prezident seçkilərində fəal iştirak etməli və yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməlidirlər" - deyə YAP rəsmisi sözlərinə əlavə edib.
Sonra tədbir KİV-in iştirakı olmadan davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB