Hava məkanının qorunmasında hərbi yol istisna deyil

Cümşüd Nuriyev: “Azərbyacanın icazəsi olmadan hava məkanına daxil olan obyekt məhv edilməlidir”
Hava məkanının qorunmasında hərbi yol istisna deyil

Beynəlxalq hava hüququ dövlətlər arasında mülki aviasiyanın fəaliyyətini və hava məkanından istifadəni beynəlxalq hüquq normaları və milli hüquq normaları əsasında tənzimləyir. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, hər hansı bir dövlət digərinin hava məkanından istifadə etmək üçün onun icazəsini almalıdır: "İcazəsiz hava məkanına daxil olunan zaman həmin dövlətlər öz hava məkanını qorumağa məcburdur. Burda hərbi yolun seçimi məcburidir. Beynəlxalq hüquqa görə Azərbaycanın icazəsi olmadan onun hava məkanını pozan istənilən obyekt məhv edilməlidir. Əgər Ermənistan Xankəndi aeraportundan Azərbaycana qarşı təxribatçı məqsədlərlə istifadə etsə, Azərbaycan buna beynəlxalq hüquq çərçivəsində cavab verəcək. Digər bir məsələ erməni tərəfi sərnişin təyyarəsi vasitəsilə bu təxribatı həyata keçirməyə çalışsa və insan hüquqlarının pozulduğunu iddia etsə, Azərbaycanın buna tutarlı cavabı var. İnsan hüquqlarının icrası beynəlxalq təşkilatlar üçün önəmlidirsə, onda nə üçün Azərbaycanın bir milyon qaçqın və məcburi köçkünün hüquqları nəzərə alınmır? Prezident seçilmək üçün əlini qana bulayan Serj Sarkisyanın belə provakasiya xarakterli addımlarını dəstəkləyən beynəlxalq hüquq kimə lazımdır? Burda insan hüquqlarından söhbət gedə bilməz. BMT-nin qəbul etdiyi 10 əsas prinsipdən biri ölkənin ərazi bütövlüyüdür, onun hava məkanının pozulmazlığıdır. Əgər Azərbaycan ərazisinə icazəsiz olaraq hər hansı bir dövlətin təyyarəsi girəcəksə, buna reaksiya verilməyəcəyi təqdirdə onun beynəlxalq imicinə ziyan dəyə bilər. Azərbaycan bununla bağlı beynəlxalq hüquqda nəzərdə tutulmuş bütün addımları atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə