Təhmasib Novruzov: “Onlar özlərini ifşa etdilər”

“Xalq təzədən bunların iç üzünü gördü”
Təhmasib Novruzov: “Onlar özlərini ifşa etdilər”

Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun Səs TV-yə müsahibəsi

- Təhmasib müəllim, son günlər bəzi mətbuat orqanlarında sizinlə bağlı yazılar dərc olunub. İddia edilir ki, siz 2005-ci ildə Əli Kərimliyə qarşı sui-qəsd təşkil etmisiniz. Bu iddialar haradan qaynaqlanır?

- Bu yazının mənbəyi, haradan qaynaqlanması ilə bağlı geniş danışmaq olar. Bu mövzuya toxunmaq, gərəksiz bir adı Azərbaycan cəmiyyətində hallandırmağın tərəfdarı deyiləm. Sadəcə olaraq bu iddiaları ortaya çıxaran yazının müəllifi Bəhlul Muradov sonradan mətbuata açıqlamasında bildirdi ki, mən belə bir məktub yazmamışam, bu, kimlərinsə fantaziyasıdır. Təbii ki, mən bundan sonra Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhkəməyə müraciət etmişəm. İnanıram ki, mənim ərizəm, qaldırdığım iddia əsasında məhkəmə qanun çərçivəsində öz münasibətini bildirəcək. Yəqin ki, məhkəmə, hüquq-mühafizə orqanları əsil həqiqətin üzə çıxmağına şərait yaradacaqdır. İndilikdə isə başqa bir məsləyə toxunmaq istəyirəm. Həbsxanada olan və düşünülməmiş, fantaziyalarla dolu məktubun müəllifi kimi səsləndirilən Bəhlul Muradov Azadlıq Hərəkatçıları Birliyinin İdarə Heyətinin üzvü, eyni zamanda gənclər təşkilatının sədri olub. 2006-cı ilin sonlarında o, bizim təşkilata gəlib. Hörmət etdiyim şəxslərdən biri məndən xahiş etdi ki, bu gənc həbsxanadan yeni çıxıb. Gəncdir, bacarıqlıdır, amma hərdən yolunu azır. Onu yanımızda saxlayaq, tərbiyələndirək. Bu məqsədlə biz onu təşkilata qəbul etdik. Bu, 2006-cı ilin sonunda baş verib. Konkret desək, bu adam 2006-cı il noyabr ayının 12-də həbsxanadan şərti azadlığa buraxılıb. Bundan sonra bizimlə çalışıb, müəyyən işlər görüb. Amma bu hadisələrlə bağlı Əli Kərimli mətbuata müsahibəsində bildirir ki, Bəhlul Muradovun yazdıqları hamısı həqiqətdir və bu hadisələr 2005-ci ilin avqustunda baş verib. Hətta mətbuata müraciət edərək bildirir ki, gedin 2005-ci ilin avqust ayında dərc olunan mətbuatdakı faktları araşdırın, onda sizə aydın olar ki, bu yazılanların hamısı həqiqətdir. Əvvəla həmin dövrdə Azadlıq Hərəkatçıları Birliyi yox idi. Bu məktubun müəllifi olduğu iddia edilən Bəhlul Muradov isə həbsxanada idi. 2006-cı ilin yanvar ayında birliyin təsis yığıncağı keçirilib, aprel ayının 17-də Ədliyyə Nazirliyi tərəfindən qeydə alındıqdan sonra fəaliyyətə başlayıb. Bu faktlar belə iddiaların əsassız olduğunu ortaya qoyur. Bütün bunlar isə bunun hazırlanmış bir oyun olduğunu sübut edir. Ona görə də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova rəsmi müraciət ünvanlamışam. Mən orada qeyd etmişəm ki, əgər bu faktların hər hansı biri həqiqət olduğu sübuta yetirlərsə, öz təsdiqini taparsa, mən Azərbaycan Respublikasının qanunları ilə ən ağır cəzanı çəkməyə hazıram. Əks təqdirdə bu çirkin iddiaları yayanların cəzalandırılmasını tələb edirəm.

- Digər bir iddia ondan ibarətdir ki, jurnalist Bahəddin Həziyev sizin göstərişinizlə döyülüb. Bu hadisə doğurdanmı baş verib?

- Mən dəqiq bilmirəm bu hadisə nə vaxt verib. Səhv etmirəmsə 2005-ci ildə olub. Bahəddinlə hərəkatçı yoldaşı olmuşuq. Onu tanıdığım müddət ərzində Bahəddinin mənə qarşı hər hansı bir destruktiv hərəkəti olmayıb. Hətta o insan mənim haqqımda, daha dəqiq desək AXCP-nin Ağdam şöbəsi haqqında 1991-ci ildə mətbuatda faktlara əsaslanmadan tənqidi məqalə yazmışdı. Sonradan bunu özü bilmişdi və qəzet vasitəsilə üzrxahlıq etmişdi. Bundan başqa Bahəddinlə mənim aramda hər hansı bir intriqa, hər hansı bir çəkişmə, narazılıq olmayıb. Bunu Bahəddinin özü də çıxıb deyə bilər. Bir də ki, mənim adam döydürmək qüvvəm olsaydı, bu iddiaları yazdıranları yaxşı tanıyıram, elə onları döydürərəm. Ümumiyyətlə, mən həyatda zorakılığın əleyhinəyəm.

- Bu iddiaların arxasında hansı məqsədlər dayanır?

- Mən istəmirdim ki, söhbətimizdə siyasi motivlərə əl uzadaq. Amma bu sual məni məcbur edir ki, bəzi qaranlıq məqamlara aydınlıq gətirək. Bu ilin ortalarından başlayaraq Azərbaycanda fəaliyyət göstərən bəzi xarici ölkə səfirliklər, bəzi beynəlxalq qurumlar, hətta bəzi xarici ölkələr Azərbaycanda insan hüquqlarının pozulması, mətbuat azadlığının məhdudlaşdırılması ilə bağlı bu kimi iftiralar, böhtanlar yaymaqdadırlar. Hamıya məlumdur ki, Əli Kərimli, onun kimi destruktiv müxalifət də xalq tərəfindən özünə dəstək ala bilmədiklərinə görə, xaricdə özlərinə dəstək axtarırlar. Yəni Azərbaycanda hansısa Hollandiya sindromunda dövlət yaratmaq üçün Əli Kərimli kimi adam lazımdır. Azərbaycanı da bugünkü inkişafdan saxlamaq, sabitliyini pozmaq üçün belə bir adam lazımdır ki, gəlsin müqəvva kimi otursun orada, onların diktəsi ilə işlər görsün. Nəticədə də Azərbaycan xalqı indiki inkişafdan dayansın, yenidən 1993-cü il vəziyyətinə düşsün. Təbii ki, bunu arzulayan, Azərbaycanı sevməyəm xarici qüvvələr kifayət qədərdir. Bu qüvvələr də kimdən istifadə etməlidir, Azərbaycandakı bu cür müxalif qüvvələrdən. Bəs verilən tapşırıqlar nədən ibarətdir? Müxtəlif variantlarla Azərbaycanda xaos vəziyyəti, qarşıdurmalar yaratmaq. Əli Kərimlinin mətbuata sözügedən iddialarla bağlı açıqlamasından sonra bir daha əmin oldum ki, o, bilavasitə həbsxanada olan dələduzların əli ilə Azərbaycan cəmiyyətinə belə bir mesaj göndərməklə guya ki, Azərbaycanda sözün düzün deyən müxalifətə qarşı sui-qəsdlər, döydürülmə cəhdləri və sairə kimi fikir formalaşdırmaq istəyir. Amma bu cür bayağı, cılız, düşünülməmiş, plansız hazırlanan provokasiya metodları keçmişdə qalıb. Yalanlar bu gün nəinki 40 gün, heç 40 saat da gedə bilməz. Bu tip gülünc iddialarla, yazılarla əslində istər məni, yaxud hansısa iqtidar nümayəndəsini deyil, özlərini ifşa etmiş oldular, özlərini dərin quyunun içinə saldılar. Mən əminəm ki, Azərbaycan xalqı təzədən bunları iç üçünü görə bildi. Bütün bunlar Əli Kərimli kimilərin hansı mövqe tutduğunu ortaya qoymuş oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə