Fransa səfiri Xankəndi aeroportundan danışdı

Fransa səfiri Xankəndi aeroportundan danışdı

"Dağlıq Qarabağ bölgəsində hava limanının fəaliyyəti beynəlxalq hüquq normaları əsasında bərpa olunmalıdır"

Azərbaycanla Fransa arasında əlaqələrin zəngin tarixi var. Hələ XVI-XVII əsrlərdə Azərbaycan Səfəvilər dövləti ilə Fransa arasında siyasi və iqtisadi münasibətlər formalaşıb. Bu münasibətlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam edib. Ölkəmiz XX əsrin sonunda öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye hesab edir ki, hər iki ölkənin rəhbəri əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir: "Fransa Azərbaycanla dost ölkədir. Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında vacib rola malikdir. Bizim enerji sahəsində çox yaxşı əməkdaşlığımız var. İki ölkə arasında ticarətin həcmi hər il artmaqdadır. Azərbaycan tolerant ölkədir və bu, bizi çox sevindirir. Ümumiyyətlə, bölgədə sabitliyin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndiririk"

Son 20 ildən etibarən müxtəlif dərəcəli - parlamentlərarası, nazirlər və prezidentlər səviyyəsində baş tutmuş səfərlər iki ölkənin çoxşaxəli əlaqələrinə müsbət təsir edib. Bu münasibətlərin konkret realizasiyası Bakıda Fransız Liseyinin yaradılmasıdır. Səfir bildirir ki, Fransa Minsk Qrupunun həmsədri qismində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində öz rolunu tam şəkildə yerinə yetirmək niyyətindədir. O, işğal altında olan Dağlıq Qarabağda hava limanı işə salınması cəhdlərinin beynəlxalq hüquq əsasında həllinə tərəfdar olduqlarını da deyir.

Səfir hesab edir ki, Azərbaycanın Fransada daha çox tanınması və eşidilməsi üçün göstərdiyi səyləri inkar etmək olmaz. Ölkələrimiz və cəmiyyətlərimiz siyasi, iqtisadi, mədəni sahələrdə möhkəm əsaslarda tarazlaşdırılmış və yüksələn münasibətlər qururlar. Bu da o deməkdir ki, Azərbaycan Fransada getdikcə daha çox və daha yaxşı tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə