Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadənin SİA-ya müsahibəsi:
- Ziyad müəllim, Milli Məclisdə 2013-cü il Azərbaycan Respublikası Dövlət büdcəsi haqqında məsələlərin müzakirəsi davam etdirilirmi?
- Yaxın vaxtlarda 2013-cü il Azərbaycan Respublikası Dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edəcəyik. Bu, ölkənin sosial-iqtisadi həyatında çox mühüm sənəddir. Bu, bütün dünya ölkələrində belədir. Azərbaycanın dövlət büdcəsi Milli Məclisə təqdim olunarkən hər zaman ciddi araşdırmalar aparılır. Mən sevinirəm ki, bu büdcə ildən-ilə artır və onun strukturu daima təkmilləşir. 2013-cü il büdcəsi də bu baxımdan istisna deyil. Xatırladım ki, XXI əsrin əvvələrində dövlət büdcəsinin həcmi 1 milyarddan artıq olmayıb. Ancaq bu gün bu məbləğ 22 milyarddan çoxdur. Təbii ki, bu ölkənin davamlı inkişafının və ölkədə aparılan islahatların uğurlu nəticələri ilə bağlıdır. Burada həm sosial, həm də investisiya yönümlü məsələlər əsas götürülür.
- 2013-cü il Azərbaycan Respublikasının Dövlət büdcəsi layihəsində siyasi partiyalara ümumilikdə 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Amma bəzi siyasi partiya rəhbərləri bu məbləğin azlığından narahatlıqlarını dilə gətiriblər. Bununla bağlı nə deyə bilərsiniz ?
- Azərbaycan müstəqil dövlətdir. 20 ildən çoxdur ki, ölkəmiz öz müstəqilliyini yaşayır. Təbii ki, belə olan təqdirdə demokratik proseslərin inkişafını süni yolla artırmaq olmaz. QHT-lər ölkədə 20 ildən artıqdır ki, fəaliyyət göstərirlər. Son illərdə onlara da yardımlar ayrılıb və layihələr təqdim edilib. Amma ilk dəfədir ki, siyasi partiyalara maliyyə yardımı ayrılacaq. Bu bizim üçün bir başlanğıcdır. Uğurlu nəticələrdən sonra məbləğin daha da artırılması gündəmə salına bilər.
- Oktyabrın 20-də İctimai Palata şəhərin mərkəzində qanunsuz olaraq aksiya keçirdi. Həmin aksiyada "parlamentin buraxılması" və s. kimi şüarlar səsləndirildi. Bu hadisələrə münasibətiniz necədir və dağıdıcı radikal müxalifətin bu hərəkətlərini necə xarakterizə edərdiniz?
- Hesab edirəm ki, demokratik proseslərin yüksək inkişaf etdiyi bir şəraitdə belə mitinqlərin keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Artıq bu gün Azərbaycan cəmiyyətində yetərincə konsersus əldə edilib. Ölkənin sosial-iqtisadi siyasəti xalq tərəfindən müdafiə olunur. Dünyanın bütün sivil inkişaf etmiş ölkələrində qanunsuz, icazəsiz mitinqlər, aksiyalar qadağandır. Bu ona görədir ki, insanlar əziyyət çəkməsinlər, ölkədə çaşqınlıq yaratmasınlar. İctimai sabitliyi pozmağa heç kəsin ixtiyarı yoxdur. Buna görə mən bu hadisəni həddən artıq pisləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB