İran Ermənistana qarşı sərt mövqe tutsaydı, Qarabağ münaqişəsinin həlli xeyli yaxınlaşa bilərdi

Aydın Mirzəzadə, Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru


Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ probleminin həllində vacib faktorlardan biri kimi qonşu İran İslam Respublikasının bu məsələdə tutduğu mövqe hesab edilir. Bunu vacib edən isə üzdə olan iki ciddi məqamdır.


Birincisi, İranla Azərbaycan arasında tarixən mövcud olan tarixi, mədəni, dini və humanist yaxınlıqdır. Bu iki dövlət və xalq tarixən bir-birinə yaxın olmuş, münasibətlərini daima sivil qaydada həll edə bilmişlər. Azərbaycan və İran xalqları bir-biri ilə münasibətlərini vasitəçilərsiz və tərcüməsiz qura biliblər. Eyni tarixi şəxslərin, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin hər iki xalqın bu gün də fəxarət yeri olması da əhəmiyyətli məsələlərdəndir.


İkincisi isə, Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistanın regionda geosiyasi vəziyyətidir. Onun dünya okeanına çıxışı yoxdur, quru sərhədləri isə Azərbaycan, Türkiyə, Gürcüstan və İranladır. Azərbaycanla müharibə vəziyyətində olması, Türkiyəyə isə torpaq və əsassız tarix iddiası onun bu iki qonşu dövlətin ərazisindən və resurslarından istifadəsini mümkünsüz edir. Gürcüstanla düşmən vəziyyətdə olmasa da, bu ölkə ilə məhdud imkanları və xüsusi siyasəti Ermənistanın dövət kimi yaşamasının problemlərini qətiyyən həll edə bilmir. Burada Ermənistanın yanacaqla ancaq kənardan təmin edilməsi də nəzərdən qaçmamalıdır.


Rusiya Geosiyasi Problemlər Akademiyasının prezidenti, general-polkovnik Leonid İvaşov bildirir ki, Ermənistan çox ağır vəziyyətdədir: o, demək olar ki, izolyasiyadadır. Dünyaya çıxış ancaq İrandandır, əgər bu yol bağlansa, Ermənistan yaşaya bilməyəcək və o, Azərbaycana güzəştə getməli olacaq.


Belə vəziyyətdə İran Ermənistanın işğalçı siyasətinə, qonşu dövlətlərə torpaq iddialarına görə bu ölkəyə qarşı sərt mövqe tutsaydı, Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən başqa çıxış yolu qalmazdı. Yanacaqsız, hərbi dəstəksiz, dünyaya birbaşa çıxışı olmadan isə o öz xarici siyasətini sivil qaydada düşünməli olardı. Dünya birliyindən, o cümlədən region dövləti olan İrandan sərt təpki alsaydı, Ermənistan Azrərbaycan torpaqlarını indiyə qədər işğal altında saxlaya bilməzdi.


Ancaq həmin reaksiyanı Azərbaycan dünya birliyindən, bütün iri dövlətlərdən və beynəlxalq təşkilatlardan alsa da, dost adlandırdığı İrandan tam ala bilmir. İran rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, işğalçı dövlətlə sıx dostluq əlaqələri və ona hərtərəfli yardım etməsi Ermənistanın işğalçı siyasətinin saxlanmasına səbəb olur.


Reallıq isə belədir ki, İran-Ermənistan əlaqələri yüksələn xətlə inkişaf edir. İranda da bu əlaqələrin Azərbaycan dövlətini və xalqını narahat etdiyini yaxşı bilirlər. İran Qarabağ məsələsində Ermənistanla praqmatik siyasət yürüdür, Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsində isə rəsmi mövqedən praktiki dəstyə keçilmir.


Məsələnin həllinə real dəstək verən digər dövlətlərlə müqayisədə İranın bölgəyə təsir imkanları genişdir. Amma reallıqda İran işğalçı Ermənistana təzyiq etmir və onun dövlət kimi yaşamasının zəmanətlərindən birinə çevrilir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bir dəfə İranın Ermənistan üçün "nəfəs borusu" funksiyasını həyata keçirdiyini bildirmişdi.


Yürütdüyü işğalçılıq siyasətinə görə sərhədləri Türkiyə və Azərbaycan tərəfdən bağlı olan, regional layihələrdən kənarda qalan Ermənistan özü-özünü məhvə məhkum etmişdi. Həmçinin Gürcüstan-Rusiya münasibətlərinin getdikcə gərginləşməsi Ermənistanın durumunu daha da pisləşdirir. Odur ki, rəsmi İrəvan yeganə çıxış yolunu İranda axtarmaq məcburiyyətində qalır. İranla cəmi 48 kilometrlik sərhədə malik olmasına baxmayaraq Ermənistan üçün yeganə konfliktdə olmadığı qonşusu ilə münasibətlərin inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır.


İran Qarabağa dair rəsmi açıqlamalarında Azərbaycanın ərazi bötövlüyünü dəstəklədiyini bildirsə də, təcavüzkar Ermənistana qarşı tətbiq edilən iqtisadi embarqonun və bu ölkənin strateji mühasirəyə alınmasının zəiflədilməsində çox fəal rol oynayır. İranın Azərbaycan ilə Ermənistan arasındakı vasitəçilik təşəbbüsü zamanı Ermənistanın Xocalı faciəsini törətməsi və Şuşanın işğal edilməsi də tarixin bir səhifəsidir.


İran rəsmi olaraq uydurma "erməni soyqırımı" iddialarını rəsmən qəbul etməsə də, öz ölkəsində medianın İrandakı erməni diasporunun geniş ideoloji fəaliyyətini işıqlandırmasına tam şərait yaradır. İranda ermənilərin bu fəaliyyətlərinə qarşı çıxan İran azərbaycanlılarının reaksiyasına isə əhəmiyyət verilmir.


Bakıya rəsmi səfəri zamanı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejat keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasının vacibliyini bildirərək regiona aidiyyəti olmayan dövlətlərin münaqişənin uzanmasında mənfi rol oynadığını dedi və onlara bölgəyə olan təzyiqlərini azaltmağı məsləhət gördü.


Bu çağırışın arxasında İranın Ermənistanla sıx dostluq siyasəti yeritməsi və Azərbaycanı Dağlıq Qarabağ məsələsində təkləməsi nəzərə çarpır.


O da məlumdur ki, İran bundan sonra da Ermənistanla münasibətlərini daima möhkəmləndirməkdə maraqlıdır. İranla Ermənistan arasında ən yüksək səviyyədə

qarşılıqlı səfərlər, siyasi dialoq həyata keçirilir, iqtisadi, hərbi və mədəni əlaqələr inkişaf etdirilir, görüşlərdə tərəflər iki ölkə arasındakı əməkdaşlığın səviyyəsindən daima razılıq ifadə edilir. Hər səfər zamanı tərəflər aralarındakı qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsi üçün yeni təkliflər irəli sürürlər.


Bir qayda olaraq İranla Ermənistan arasında birgə iqtisadi proqramların gedişi müzakirə edilir və bununla da Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə ciddi zəmin yaradılır. İranın xarici işlər naziri Əli Əkbər Salehi Ermənistanla dostluq münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını və gündən-günə daha da dərinləşdiyini bəyan edir. Onun ermənistanlı həmkarı Edvard Nalbandyan isə Ermənistan və İran arasında heç bir problem olmadığını bildirir. Maraqlıdır ki, görüşlərdə Ermənistan İranın Dağlıq Qarabağ məsələsində balanslı siyasətindən razılığını bildirir.


Buna görə də Azərbaycan cəmiyyətində Qarabağ münaqişəsinin həllinin uzanmasının səbəblərindən biri kimi məhz İranın bu məsələdəki mövqeyi göstərilir. Tehranın işğalçı ölkəyə müxtəlif cür yardımları Qarabağ münaqişəsində Ermənistanın manevr imkanlarını artırır. Tehran Bakını əbədi dostluğa inandırmağa çalışsa da, Ermənistana yardımlar etməsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi səylərinə mənfi təsir göstərir.


İranla Ermənistan arasında möhkəmlənən dostluq əlaqələrinin bariz nümunəsi İrandan İrəvana yeni daha həcmli boru kəmərinin tikintisidir. 2014-cü ildə tikintisi yekunlaşacaq uzunluğu 365 kilometr olan Təbriz-İrəvan neft kəməri artıq Ermənistanda tarixi hadisə hesab edilir.


Təbrizdən Araqçaya qədər olan neft boru kəmərinin Ermənistan ərazisində uzunluğu 265, İran ərazisində isə 110 km-dir. İran bu kəmərlə Cənubi Azərbaycanın Təbriz şəhərində yeni tikilən "Şəhriyar" NEZ-də istehsal edilən neft məhsullarını Ermənistana satmağı planlaşdırır. Razılaşmaya görə, İran erməni tərəfinin əvəzinə də sərmayə yatıracaq. Əvəzində isə neft kəmərinin istismarından əldə ediləcək gəlirlər hesabına vəsait əldə edəcək.


Xəttin çəkilişi ilə bağlı danışıqlar 1993-cü ildən aparılır. İki ölkə arasında qaz kəmərinin tikintisi isə 2006-cı ildə başa çatıb və bir il sonra istismara verilib. Hələ bir müddət əvvəl Ermənistan Prezidenti Serj Sarkisyan qeyd edib ki, Ermənistan İranla dəmir yolu əlaqəsi yaratmağı arzulayır. Onun sözlərinə görə, bu istiqamətdə xeyli iş görülüb və Ermənistanla İran bu vəzifənin öhdəsindən gələcək. Həmçinin Ermənistanın istəyi ilə ortada strateji layihələr - İran-Ermənistan neft terminalı, dəmiryol xəttinin birləşdirilməsi, üçüncü elektrik xətti, Araz üzərində su-elektrik stansiyası kimi niyyətlər vardır.


Hazırda Ermənistanın xarici ölkələrlə dəmir yolu əlaqələri yalnız Gürcüstan vasitəsilə həyata keçirilir. İndi isə İran alternativ dəmir yolu xətti üçün öz ərazisini Ermənistana təklif edir. Ermənistanın Azərbaycanla dəmir yolunun 1991-ci ildən bağlı olduğu nəzərə alınarsa, İranla müştərək dəmir yolu layihəsi Ermənistan tərəfi üçün çox böyük önəm daşıyır.


Ermənistanın İran ilə müasir münasibətlərinin tarixi bu ölkənin müstəqilliyinə qovuşduğu 1991-ci ilin sonlarına qədər gedir. Keçən dövr ərzində də iki ölkə arasındakı siyasi, iqtisadi, enerji, mədəni və elmi sahələrdəki münasibətlərin daim gücləndiyi müşahidə edilmişdir.


İranla Ermənistan arasındakı münasibətlərin təməlində hər iki ölkənin ortaq strateji maraqları dayanır. İki ölkənin dünya birliyində qarşılaşdığı təcrid problemi də Ermənistan və İranı yaxınlaşdıran mühüm amildir. İranın nüvə tədqiqatları ilə bağlı Qərb dünyası ilə gərginlikləri səngimək bilmir. Ermənistanın isə qonşularının ərazi bütövlüyünü tanımaması bu ölkənin Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlanmasına səbəb olmuşdur.


Üstəlik, Ermənistanın Rusiya ilə dostluğu şəraitində qonşusu Gürcüstanın rəsmi Moskva ilə gərgin münasibətləri iki qonşu olkənin münasibətlərinə də təsir edir. Bu çərçivədə İranla Ermənistan çox mühüm strateji müttəfiq mövqeyinə üstünlük verir. Ermənistan Prezidenti Serj Sarkisyanın son İran səfərində də ifadə etdiyi kimi, "Ermənistan hər dəfə boğulmaq üzrəykən İran ona nəfəs vermişdir".


2011-ci ilin yekununa görə, İranla Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon ABŞ dolları həcmindədir və bu rəqəm əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Tərəflər dövriyyənin tezliklə 1 milyard dollara çatdırılması barədə razılığa gəlmişdir.


İran İslam Respublikası ilə işğalçı Ermənistan arasında iqtisadi əlaqələrin anatomiyası çox dərindir. Bu gün Ermənistanda İranın onlarca istehsalçı şirkəti fəaliyyət göstərir. İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi erməni nümayəndələri ilə görüşdə iki ölkənin dəmiryol xətlərinin birləşdirilməsi nəticəsində Ermənistanın İran vasitəsi ilə qonşu ölkələrlə əlaqə qura biləcəyini etiraf etdi. O həmçinin vurğuladı ki, tarix boyu ermənilərlə İran arasında yaxşı münasibət olub.


İranda həmçinin Ermənistan universitetlərinin diplomlarının tanınması barədə qərar da hazırlanır. İran ərazisidəki erməni Müqəddəs Faddey kilsəsi bərpa edilir.


Rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini dəstəklədiyini desə də, Ermənistanla hərtərəfli işbirliyi qurmaqda davam edir və bununla da Ermənistanın işğalçılıq siyasətinin uzanmasına səbəb olur.


Ermənistanın "Mitk" analitik mərkəzinin eksperti Eduard Abramyanın sözlərinə inansaq, hazırda İran tərəfi qondarma "Dağlıq Qarabağ Respublikası"nın iqtisadiyyatına sərmayə qoymağa cəhd göstərir. Qonşu dövlətin bunu Ermənistan və İran-Ermənistan təşkilatları vasitəsi ilə etməyə çalışdığı bildirilir. Bu məsələdə Tehranı Araz çayına yaxın ərazilər daha çox maraqlandırır.


Erməni ekspertin bildirdiyinə görə, hazırda Tehranda kifayət qədər aktiv və maliyyə cəhətdən möhkəm "İran-Ermənistan Dostluq Birliyi" adlı bir təşkilat fəaliyyət göstərir. Bu təşkilata İranın ictimai-siyasi elitasının nümayəndələri və məmurları ilə yanaşı, biznes nümayəndələri və xüsusi xidmət orqanlarının təmsilçiləri daxildir. Təşkilatın əsas vəzifələrindən biri İran üçün həm siyasi, həm də iqtisadi baxımdan sərfəli olan "erməni layihələri"nə dəstək verməkdir.


"İran-Ermənistan Dostluq Birliyi" qondarma "Dağlıq Qarabağ Respublikası"na investisiya layihələrinin təşəbbüskarlarından biridir. Təşkilat üzvləri hesab edir ki, investisiyalar yerli ermənilər üçün yeni iş yerlərinin açılmasını stimullaşdıracaq və bununla da əhalinin sayı artacaq. Öz növbəsində İran bu sərmayələrin hesabına iqtisadi nöqteyi-nəzərdən Dağlıq Qarabağda mövqelərini gücləndirəcək və nəticədə bu, Türkiyə, Rusiya və ABŞ-la müqayisədə Qarabağ nizamlanmasında Tehrana daha ciddi siyasi rol oynamaq üçün imkan verəcək.


Cənub qonşumuz rəsmən Azərbaycanın ərazi bütövlüyünə tərəfdar çıxsa da, praktiki fəaliyyəti ilə Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə şərait yaradır. İranın Ermənistana münasibətdə atdığı addımlar torpaqlarımızın işğalının davam etməsini şərtləndirir, edilən iqtisadi, hərbi, maliyyə yardımı Ermənistanın ayaqda qalmasına imkan verir.


Azərbaycana dost olan, islami dəyərlərlə birləşən bir ölkənin işğalçı Ermənistanla sıx münasibətləri ancaq təəssüf doğurur. Əgər İran Ermənistanın Azərbaycana qarşı siyasətinə sərt mövqe nümayiş etdirsəydi, problemin həlli xeyli yaxınlaşa bilərdi. Ancaq göründüyü kimi, burada İranın öz maraqları var və bu maraqlarda o Ermənistan faktorundan yararlanmağa, həmçinin regionda öz mövqeyini möhkəmləndirməyə çalışır.


Ancaq bilinməlidir ki, Ermənistan elə bir güclü nüfuza, resursa malik deyil ki, hansısa bir dövlət onunla münasibətləri möhkəmləndirməklə özünün mövqelərini möhkəmləndirmiş olsun. Dəmiryol xəttinin çəkilişi regionda elə bir iqtisadi inkişafa gətirib çıxarmayacaq. Ermənistana hər hansı bir yardımın edilməsi isə onsuz da pis vəziyyətdə olan bu dövlət üçün dost ölkələrdən növbəti xahişlərindən biridir. Təbliğat kampaniyasına baxmayaraq, bu iki ölkənin münasibətlərinin yaxşılaşdırılması, regionda hər hansı bir ciddi dəyişikliyə gətirməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...