“Yaxın Şərq daha dərin təhlükəsizlik böhranına sürüklənir” - POLİTOLOQ DANIŞDI
“ABŞ–İsrail–İran müharibəsi hazırda yüksək intensivlikdə davam edən çoxmərhələli hərbi qarşıdurma xarakteri alıb. İlkin mərhələdə ABŞ və İsrailin koordinasiyalı hava və kiber zərbələri ilə İranın nüvə və hərbi infrastrukturu hədəfə alındı, idarəetmə və müdafiə sistemləri zəiflədilməyə çalışıldı”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə İran genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə cavab verərək münaqişəni regional səviyyəyə yaydı:
“Hazırkı mərhələ isə hərbi eskalasiya ilə paralel gedən diplomatik təmasların müşahidə olunduğu kritik fazadır. Tərəflər geri çəkilmək niyyətində görünmür və müharibə nəzarətli şəkildə uzanan, lakin istənilən an genişlənə biləcək riskli vəziyyətdə qalır.
Bu müharibənin təsirləri çoxsəviyyəlidir və artıq yalnız hərbi çərçivədən çıxaraq sistemli nəticələr doğurur. Regionda güc balansı pozulur və Yaxın Şərq daha dərin təhlükəsizlik böhranına sürüklənir. Enerji bazarları ciddi təzyiq altındadır, xüsusilə Hörmüz boğazı ətrafında risklərin artması qlobal neft qiymətlərinin dalğalanmasına və alternativ marşrut axtarışlarına səbəb olur.
Eyni zamanda qlobal siyasi tarazlıq dəyişir, ABŞ-ın müttəfiqləri arasında fikir ayrılığı yaranır, Avropa daha ehtiyatlı mövqe tutur, Çin və Rusiya isə yaranmış vəziyyətdən geosiyasi imkan kimi istifadə edir. Ümumilikdə bu qarşıdurma beynəlxalq sistemdə yeni güc bölgüsünün formalaşmasına təkan verən strateji böhran kimi qiymətləndirilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB