“İki qonşu dövlətlətin əməkdaşlığı regionda sülh və rifahı gücləndirir” - DEPUTAT DANIŞDI
”Azərbaycan–Gürcüstan münasibətləri qardaşlıq prinsiplərinə əsaslanır və bu münasibətlərin tarixi kökləri çox qədimdir. Uzunmüddətli qonşuluq əlaqələri hər iki ölkənin xalqlarının firavanlığına və xoşbəxt həyatına xidmət edir. Bu gün iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyur və Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri bunu bir daha sübut edir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, bu gün Gürcüstan Cənubi Qafqazda inkişaf edən ölkələrdən biri kimi tanınır:
”Şübhəsiz ki, İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yaranmış yeni reallıqlar Gürcüstanın ictimai-siyasi həyatına da mühüm təsir göstərmişdir. Demokratik və azad dövlət kimi Gürcüstan Azərbaycan təcrübəsindən səmərəli şəkildə bəhrələnir və bu da iki ölkənin vahid mövqedən çıxış etməsinə şərait yaradır.
Hər iki ölkə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir, sülh, azadlıq və demokratiya uğrunda mübarizədə ortaq mövqe nümayiş etdirir. Azərbaycan nefti və qazının Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılması həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafında mühüm rol oynayır.
Azərbaycan dövləti çətin anlarda Gürcüstana humanitar yardım göstərmiş və bu ənənə bu gün də davam edir. Gürcüstan öz resurslarından səmərəli istifadə edərək ölkəyə investorların cəlb olunmasında fəallıq nümayiş etdirir. Azərbaycan investorları da Gürcüstana böyük maraq göstərir və burada fəaliyyətlərini genişləndirməyə çalışırlar.
Cənubi Qafqazda yaranmış yeni reallıqlar region ölkələrinin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. İlham Əliyev mətbuata verdiyi müsahibədə qeyd etmişdir ki, Cənubi Qafqazda formalaşan yeni reallıqlar hər iki ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir və bu imkanlardan düzgün istifadə olunmalıdır.
Regionda uzun müddət mövcud olmuş qarşıdurmalar, xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmçinin Gürcüstanın bəzi ərazilərinin işğal altında olması təhlükəsizlik məsələlərini ön plana çıxarır. Bu baxımdan müdafiə qabiliyyətinin gücləndirilməsi hər iki dövlət üçün vacib vəzifədir.
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin fikirlərində də bu məqam aydın şəkildə öz əksini tapır. İki qonşu dövlət arasında münasibətlərin inkişafı Cənubi Qafqazda sülhün təmin olunması və regionun rifahı üçün böyük əhəmiyyət daşıyır.
Ölkə rəhbərlərinin mətbuata verdiyi bəyanatlarda bu fikirlər açıq şəkildə ifadə olunmuş və gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük inam nümayiş etdirilmişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB