Əli Həsənov: “MTN öz işini görür, bunun İran dövlətinə heç bir aidiyyəti yoxdur”

Əli Həsənov: “MTN öz işini görür, bunun İran dövlətinə heç bir aidiyyəti yoxdur”

"Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin açıqladığı məsələlər qətiyyən İran dövlətinə qarşı yönəlmiş aksiya deyil. Sadəcə olaraq hər bir ölkənin əsas vəzifəsi öz təhlükəsizliyini qorumaqdır, öz ərazisində ayrı-ayrı neqativ hallara yol verməməkdir. MTN öz işini görür, bunun İran dövlətinə heç bir aidiyyəti yoxdur\". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda bir sıra şəxslərin SEPAH-ın tapşırığı ilə casusluq fəaliyyətində ittiham olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İrandakı hər hansı qurumun adının çəkilməsi normal haldır: "Bu, iki dövlət arasında münasibətlərə təsir göstərməyəcək, əksinə, belə halların qarşısı gələcəkdə də alınacaqsa, bizim münasibətlərimiz daha yaxşı olacaq. İranla Azərbaycan qonşu, müştərək tarixi, mədəniyyəti bölüşən dövlətlərdir. İranda bizim 10 milyonlarla soydaşımız yaşayır. Bu dövlətlə bizim problemimizin olmasını istəmirik və çalışırıq ki, münasibətlərimiz davamlı şəkildə yaxşı olsun, bir-birimizin daxili işlərinə qarışmayaq, bir-birimizin ərazisindən digər dövlətlərə qarşı, həmçinin bir-birimizə qarşı istifadə edilməsinə yol verməyək.

Əli Həsənov deyib ki, İranda da, Azərbaycanda da müxtəlif dairələr, cəmiyyətin müxtəlif nümayəndələri bəzən iki ölkənin münasibətlərinə təsir göstərən addımlar atırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə