Osman Gündüz: “Biz bunu kiber müharibə hesab edirik\"

Osman Gündüz: “Biz bunu kiber müharibə hesab edirik\"
Son vaxtlar Azərbaycanda bir çox qəzetin rəsmi səhifələri və siyasətçilərin müxtəlif sosial şəbəkələrdə hesablarına haker hücumu baş veririb. Lakin dünən Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmi saytlarına indiyədək görünməmiş miqyasda haker hücumu "dalğa"sı müşahidə edilib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkənin internet resurslarına, o cümlədən dövlət saytlarına edilən haker hücumlarından danışdı. SİA-ya açıqlamasında ekspert bu hadisəyə kifayət qədər ciddi yanaşılmalı olduğunu dedi:. "Biz bunu kiber müharibə hesab edirik. Adi xaker hücumu deyil. Hansı ki, kütəvi olaraq 40 kimi dövlət orqanının internet saytlarını dağıtmaq, bu artıq kiber müharibədir. İndiyədək hücumlar ayrı-ayrı saytlara və daha çox qeyri-hökumət qurumlarının saytlarına olurdu. Lakin indi dövlət orqanları, o cümlədən güc qurumları zərbə altında qalıb. Buna görə məsuliyyət daşıyan şəxslərin açıqlama verməsi zəruridir". Hazırda bunun hansı məqsədlərlə törədildiyini deməyin çətin olduğunu dəyən ekspert baş verənlərin hər hansı bir ölkənin və ya maliyyə qruplarının hücumunun ehtimal edildiyini deyir: "Hər bir variantda Azərbaycan üçün nəticə ağırdır. Buna görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsi , Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu hadisə araşdırılmalıdır. Kimin bu işdə məsuliyyət daşıdığının ortaya çıxması vacib məsələdir".

Qeyd edək ki, 2004 cü ildə Prezident tərəfindən qəbul olunan fərmana əsasən dövlət orqanlarının heç birinə məxfi sənədi interneti açıq olan kompüterdə saxlamasına icazə verilmir. Əgər ehtiyatsızlıq üzündən hər hansı bir məxfi informasiya cəmiyyətə sızarsa, həmin şəxslər cinayət məsuliyyəti daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə