“Mina təhlükəsinə baxmayaraq Qarabağa qayıdış prosesi davam edir” - Hikmət Hacıyev

“Beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, Azərbaycanın öz modelinin də tətbiqi vacibdir. Azərbaycanın vəziyyətində əsas üstünlük vahid idarəetmə və mərkəzləşdirilmiş koordinasiya sistemidir. Bu prosesin strateji səviyyədə idarə olunması və dövlət qurumlarına müvafiq tapşırıqların verilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilir”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda əsas prioritetlərdən biri işğaldan azad olunan ərazilərə təhlükəsiz çıxışın təmin edilməsidir və bu istiqamətdə genişmiqyaslı mina təmizləmə əməliyyatları aparılır.

Hikmət Hacıyev qeyd edib ki, 2020-ci ildən bu günə qədər azad olunmuş ərazilərdə 400-dən çox mina hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, hətta məzarlıqlara gedən yollar belə mina təhlükəsi altındadır və bu səbəbdən təmizləmə işləri xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, mina təhlükəsinə baxmayaraq minlərlə vətəndaşın Qarabağ və Şərqi Zəngəzura təhlükəsiz qayıdışı təmin olunub və bu ərazilərdə artıq həyat bərpa olunmaqdadır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə