Laçının qəhrəman oğlu

Qarşımda bir qovluq var. Atamın illərdir səliqə ilə qoruyub saxladığı qovluq. Bu qovluqda bir gəncin həyatının, taleyinin qısa, ancaq mənalı, şərəfli ömür və döyüş yolunu əks etdirən şəkillər, sənədlər toplanıb. Qovluğu açıram. Bir qədər saralmış şəkilləri əlimə götürürəm. Gəncliyin özü qədər gözəl, yaraşıqlı siması əks olunmuş bu şəkillərdən yaşı otuza çatmayan, qaraqaş, qaragöz, gür qıvrım saçlı bir gənc baxır. Bu gənc Azərbaycan xalqının igid, qəhrəman oğlu Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevdir. Əmim Əvəz Verdiyev.

Sonra bir-bir sənədləri gözdən keçirirəm. Sovet İttifaqı Qəhrəmanı adının verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il, 23 sentyabr tarixli Fərmanı, general-leytenant, iki dəfə Sovet İttifaqı Qəhrəmanı D.A.Draqunskinin onunla bağlı xatirələri, “Sovet İttifaqı Qıhrəmanları “adlı qırmızı rəngli kitab, hərbi hissədən göndərilmiş təbrik teleqramları, təşəkkür məktubları, Fəridə Babayevanın onun haqqında qələmə aldığı kitab, müxtəlif illərdə qəzetlərdə çap olunmuş məqalələr, qələbə bayramı münasibətilə göndərilən təbrik teleqramları, məktublar...

Sənədlərin arasında iki şəkil məni düşüncəyə qərq edir. Şəkillərdən biri Laçın rayonunun mərkəzində ucaldılmış əzəmətli ayaqüstü abidənin şəkli, digəri isə Polşanın Boleslaves şəhərindəki qərib məzarın şəkli.

Laçın rayonun mərkəzindəki o abidə vaxtilə alman faşızminə qarşı müharibədə göstərdiyi igidlik və şücayətə görə ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünə görə ucaldılmışdır. Polşanın Boleslaves şəhərindəki məzarlıq isə İkinci dünya müharibəsində həlak olan əsgərlər üçün salınmışdır. O məzarlıqda Əvəz Verdiyevlə yanaşı 42 Sovet İttifaqı Qəhrəmanı da dəfn olunub.

Məzarı ziyarət edə bilməsək də hər il bayramlarda, yay tətilində Laçın rayonuna gedəndə o abidəni ziyarət edər, ora gül çələngi qoyardıq.

Düşmənə meydan oxuyan qəhrəmanın uşaqlıq illərinin keçdiyi Laçın rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Mənfur düşmən hər yeri talan etdiyi kimi o əzəmətli abidəni də məhv etmişdi.

Laçının 28 illik işğalına 2020-ci il 1 dekabrında son qoyuldu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edildilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanının düzğün siyasəti, müzəffər ordumuzun 44 günlük igidliyi sayəsində qələbə çalındı. Bu qələbə illərdi vətən, torpaq həsrəti ilə alışıb yanan ürəklərə bir sevinc, niğaran şəhid ruhlarına bir rahatlıq gətirdi.

Sənədlər toplanmış bu qovluq hər il 9 may günü Almaniya üzərindəki qələbənin ildönümündə səliqə ilə açılır, bir-bir nəzərdən keçirilir və yeni bir sənəd əlavə edilir. Atam Sultan müəllim haqq dünyasına qovuşduqdan sonra bu qovluq üç ildir ki, məndədir. Yəqin ki, mənim bu yazım da faşist Almaniyası üzərində qələbənin 81-ci ildönümündə əmim Sovet İttifaqı Qəhrəmanı Əvəz verdiyevin xatirəsinə kiçik bir hədiyyə olacaq.

İndi isə qəhrəmanın 29 səhifəlik ömür kitabını vərəqləyək, keçdiyi qısa, ancaq şərəfli ömür yoluna nəzər salaq.

Bülbülə qəsəbəsi.

Ata itkisi. Köpə sevinci.

Həyat çox qəribədi. Dünyaya gələni də var, dünyadan köçəni də...

Bir körpənin dünyaya gəlişi ailəyə necə sevinc bəxş edirsə, bir insanın dünyadan köçməsi ailəni bir o qədər də kədərləndirir. Bəzən insan o xoşbəxtliyin şirinliyini doyunca dadmağa macal tapmamış, kədər özünü yetirir, bədbəxtlik başının üstünü alır. Nə etmək olar? Təskinlik üçün “qismət beləymiş” və yaxud “alın yazısıdır, Allah bilən məsləhətdir”,- deyib bir təsəlli tapırıq. Haqqında yazmaq istədiyim qəhrəmanın ailəsində olduğu kimi.

Atanın qəfil dünyadan köçməsi həyata yeni göz açan körpəni atasız, gənc ananı isə ömür-gün yoldaşsız qoydu. Körpə gəlişinin sevincini yaşayan anaya həyat yoldaşının itkisinin ağrı-acısını da yaşamaq qismət oldu. Övladının adını Əvəz qoydu. Həyatda onun yarımçıq ömrünü yaşayacaq, onu əvəz edəcək düşüncəsiylə bütün arzularını, ümüdünü ona bağladı.

Laçın rayonu. Quşçular kəndi.

Bir müddət gənc ana Qəndab körpə Əvəzlə Bülübülə qəsəbəsində qohumların himayəsində yaşadı. Lakin kənddə yaşayan valideynlərin qızlarının başına gələn bu hadisədən sonra narahatlıqları getdikcə artırdı. Bir gün bu narahatlıq Gözəl ananı yatağa saldı. Anasının xəstəliyi Qəndabın körpəsini də götürüb kəndə -valideynlərinin yanına qayıtmasına səbəb oldu. Bu qayıdış ananı ömrünün sonuna kimi kəndə bağladı.

Maqsutlu kəndində sayılıb- seçilən Bəşir bəy.

Bəşir bəy Maqsudlu kəndinin çox hörmətli, sayılıb- seçilən varlı bir kişinin oğlu idi. Gənc olmasına baxmayaraq özünə görə adı-sanı, hörməti varidi. Evləri həmişə qonaq-qaralı olurdu. Elə bir kasıb ailə olmazdı ki, bu evin çörəyindən yeməsin, ona əl tutulmasın.Yetim, kimsəsiz uşaqlar buranı özlərinə doğma isti ocaq bilirdilər. Kasıba əl tutan, yetimə arxa idi Bəşir bəy. Kənd camaatı da onu çox hörmətli tutur, cavan olmağına baxmayaraq çox işdə onunla məsləhətləşərdilər.

Qəndabın başına gələn hadisədən Bəşirin də xəbəri var idi. Onun acısını yaxşı başa düşürdü. Hər ikisi cavan idi. İsti yuvaya, ailəyə ehtiyacları var idi. Bir gün Bəşir böyüklərə ürəyindən keçənləri açdı. Qəndab razı olarsa onunla ailə qurub, balaca Əvəzə atalıq etmək istədiyini bildirdi. Bu izdivac hər kəsin ürəyincə oldu. Ağsaqqalların xeyir-duası ilə yeni bir ailənin təməli qoyuldu. Bəşirin ocağına qadın nəfəsi, uşaq səsi bir istilik gətirdi.Əvəzi doğma oğlu kimi sinəsinə basdı, əzizlədi. Əvəz də gözünü açıb ona ata dedi, doğma atasi kimi sevdi.

Bakının Bülbülə qəsəbəsində dünyaya göz açsa da uşaqlığı Maqsudlu kəndində keçdi, böyüdü. Çox ağıllı, dərin düşüncəli bu uşağı ailədə hamı sevib, əzizlədiyi kimi kənd camaatı da çox istəyirdi. Artıq böyümüşdü. Şəhərdən gələn məktublar Əvəzi şəhərə çəkirdi. Ancaq bunu atasına necə deyəcəyinə tərəddüd edirdi. Bəşir kişi oğlunun şəhərə getmək istəyini biləndə ona etiraz etmədi. Onun bu qərarına hörmətlə yanaşdı. Xeyir-duayla yola saldı.

Bakıya qayıdış

1936-cı ildə Bakıya gələn gənc Əvəz Djerjinski adına zavodda işə düzəlir. İşləməklə bərabər gecə məktəbində təhsilini davam etdirir. 1938-ci ildə bütün gənclər kimi o da ordu sıralarına çağrılır. Bir müddət öz məktəb və iş yoldaşlarından ayrı düşür. Əvəzin hərbi xidməti Qərbi Belorusiyanın azad olunmasından başlayıb, Finlandiya müharibəsinə qədər davam edir.

Artıq 1940- cı ildə Əvəzin hərbi xidməti bitdiyi üçün ordudan tərxis olunur. Lakin çox keçmir ki, Faşist Almaniyasının qəfil hücumu onu yenidən ordu sıralarına qaytarır. İlk döyüş yolu Rostov ətrafında olsa da çox uzun bir döyüş yolu keçir. Döyüşlərin birində ağır yaralanır, ancaq cəbhəni tərk etmir. Uzunmüddətli müalicədən sonra yenidən cəbhəyə- döyüş yoldaşlarının yanına qayıdır. Xarkov, Orlov şəhərlərinin, Lvov ətrafındakı döyüşlərdə, Droqobıç, Nikolayev və Zoloçev rayonlarının azad edilməsində Əvəz Verdiyev qəhrəmancasına vuruşur.

Artıq müharibənin dördüncü ili idi. Döyüşlər səngimək bilmirdi. Qızğın döyüşlər gedirdi. Sovet qoşunları düşmənə qarşı hücum mövqelərini daha da möhkəmləndirir, hər an irəliyə can atırdı.1944 -ci ilin iyulun 14-də Birinci Ukrayna cəbhəsinin qoşunları qəti hücuma keçdi. Sovet qoşunları Qərbə doğru xeyli irəliləsə də düşmənin inadlı müqavimətinə rast gəldilər. Əvəz öz bölməsinin cəsur döyüşçüləri ilə Kulikovo yaşayış məntəqəsində yerləşən almanların üzərinə yeridi. Bu döyüşdə düşmənin xeyli əsgər və zabitini məhv edib, xeyli hərbi sursat ələ keçirdilər.

Əvəz Verdiyevin avtomatçılar qrupu avqustun 2-də leytenant Andrey Serajimovun tankı üstündə Stasuv şəhərinə girdi. Yerli əhalinin heyrət dolu baxışları qarşısında Verdiyev və Serajimov şəhər ratuşasının ən uca yerinə qalxaraq Sovet bayrağını ora sancdılar. Polyaklar azadlığın ilk carçılarını böyük məhəbbətlə salamladılar.

Almanların Polşa torpağından qovulması Stasuv şəhərinin azad olunması ilə nətiçələndi.

Bu ağır döyüşdən sonra baş serjant, avtomatçılar qrupunun komandiri Əvəz Verdiyev və onun komandiri D.A Draqunski 23 sentyabr 1944 -cü ildə ən yüksək mükafata - Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, Qızıl ulduz medalı və lenin ordeni ilə təltif olundu .

General- leytenant iki dəfə Sovet ittifaqı Qəhrəmanı D.A.Draqunski öz xatirələrində baş serjant avtomatçılar bölməsinin komandiri Əvəz Verdiyevi belə xatırlayır: “Mən Əvəz Verdiyevlə 1944-cü ilin iyulunda tanış oldum. Bizim briqadada 1500 -ə yaxın əsgər var idi. Hər döyüş bizə onlarla həyat bahasına başa gəlirdi. Sıravi döyüşçülərin, serjantların adlarını yadda saxlamaq çox çətin idi. Ancaq elə insanlar var ki, onları heç vaxt unutmayacam. Əvəz Verdiyev onlardan biridir. İri gözləri, qara qaşları, gur saçları gözümün önündədir. Çox iğid, döyüşkən gənc idi“.

Ömrünün otuzuncu baharını yaşamayan Əvəz Verdiyev 1945 ci il, 9 may qələbə sevincini də yaşamadı. Qələbəyə bir neçə gün qalmış, 1may 1945-ci ildə düşmən gülləsinə tuş gəldi. Polşanın Boleslaves şəhərində dəfn olundu.

Artıq Almaniya üzərində tarixi qələbənin 81-ci ilini yaşayarıq. Bu illər ərzində çox şeylər dəyişdi. Çox hadisələr baş verdi.

Mənfur erməni silahlı qüvvələri Azərbaycan xalqının əzəli-əbədi torpağlarının 20 faizini işğal etdi. Bir milyondan çox soydaşımız öz isti yurd-yuvalarından didərgin düşdü, məcburi köçkünə, qaçqına çevrildi. Otuz ilə yaxın bir vaxt keçdi. Ancaq ümidlər üzülmədi. Həzi Aslanov, Mehdi Hüseynzadə, Əvəz Verdiyev, Aslan Vəzirov, Qəzənfər Əkbərov kimi qəhrəmanların yüzlərlə igid davamçıları yetişdi. Azərbaycanın igid, qəhrəman vətən oğulları müzəffər ordumuzun Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə düşməni diz çökdürdü, məhv etdi.

Bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. 44 günlük savaşdan sonra azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Qarabağımızda böyük tikinti, bərpa, abadlıq işləri aparılır. Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevrilir.

İnanıram ki, dağlar qoynunda yerləşən Laçında ən müasir tələblərə cavab verən çox sayda məktəblər açılacaq. Vaxtilə adını daşıdığı o məktəblərdən, küçələrdən birinə yenidən qəhrəmanın adı veriləcək.

Mənə isə Polşada yerləşən məzarlığı ziyarət etmək, gül çələngi ilə bərabər qərib məzara bir ovuc Laçın torpağından səpib, “ruhun şad olsun, əmi “ demək qalır.

İstər ikinci dünya müharibəsinin, istərsə də Qarabağ müharibəsinin qəhrəmanlarını, şəhidlərini unutmuruq, unutmayacağıq. Onlar bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı gələcək nəsillərə bir nümunədir.

Ruhunuz şad olsun, torpaq uğrunda canını fəda edən igid oğullar!

Fil.ü.f.d. Ofelya Sultanqızı

Bütün xəbərlər Facebook səhifəmizdə