“Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq modelidir” - ŞƏRH

“Antalyada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü iki ölkə arasında strateji müttəfiqliyin növbəti dəfə təsdiqi kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu görüş həm ikitərəfli münasibətlərin inkişafı, həm də regionda baş verən proseslər fonunda xüsusi əhəmiyyət daşıyır:

“Görüş çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından olub. Azərbaycan və Türkiyə arasında münasibətlər artıq müttəfiqlik səviyyəsinə yüksəlib və bu cür görüşlər əlaqələrin davamlı və sistemli şəkildə inkişaf etdiyini göstərir.

Xüsusilə enerji və nəqliyyat layihələri kontekstində tərəflərin əməkdaşlığı regionun geosiyasi və geoiqtisadi mənzərəsini formalaşdıran əsas amillərdən biridir. Bu baxımdan, görüşdə mövcud layihələrin icrası və yeni təşəbbüslərin müzakirəsi qarşılıqlı maraqların daha da möhkəmləndirilməsinə xidmət edir.

Eyni zamanda, regional təhlükəsizlik məsələləri də görüşün əsas gündəlik mövzularından biri kimi ön plana çıxır. Post-münaqişə dövründə Cənubi Qafqazda sabitliyin təmin olunması, sülh prosesinin irəlilədilməsi və mümkün risklərin qarşısının alınması istiqamətində Bakı və Ankaranın koordinasiyalı mövqeyi xüsusi əhəmiyyət kəsb edir.

Bu görüş bir daha göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda daha geniş regional sabitlik və inkişaf gündəliyinə mühüm təsir göstərən strateji tərəfdaşlıq modelidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə