AB-nin rəsmi internet saytına kiber hücum edilib

Avropa Birliyi Komissiyası, AB-ın “Europa.eu” domen adlı rəsmi internet saytına kiber hücum edildiyini açıqlayıb. Hücum nəticəsində bəzi məlumatların oğurlandığı bildirilib.
SİA xarici KİV-ə istinadən məlumat verir ki, Komissiyanın yaydığı yazılı açıqlamada qeyd olunub ki, 24 mart tarixində AB-nin “Europa.eu” domeninə kiber hücum həyata keçirilib. Bildirilib ki, hücumu nəzarət altına almaq üçün dərhal tədbirlər görülüb, lakin davam edən araşdırmanın ilkin nəticələrinə görə, hücum nəticəsində bəzi məlumatlar ələ keçirilib.

Açıqlamada hücumdan təsirlənmiş ola biləcək AB qurumlarının məlumatlandırıldığı qeyd olunub və Komissiyanın daxili sistemlərinin hücumdan təsirlənmədiyi vurğulanıb.

Həmçinin bildirilib ki, Komissiya daxili sistemlərin və məlumatların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görməyə davam edəcək: “Avropa əsas xidmətləri və demokratik institutları davamlı şəkildə hədəf alan kiber və hibrid hücumlarla üz-üzə qalır. Komissiya AB-nin kiber təhlükəsizlik dayanıqlığını artırmaq üçün aktiv şəkildə çalışır.”

Qeyd edək ki, AB Komissiyasının mobil infrastrukturuna da 30 yanvar tarixində kiber hücum edilmişdi. Komissiya həmin infrastrukturun 9 saat ərzində bərpa edildiyini, lakin hücum nəticəsində bəzi əməkdaşların adlarına və mobil telefon nömrələrinə çıxış əldə edilmiş ola biləcəyini açıqlamışdı.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə