Azərbaycan–Ermənistan danışıqlarında sülh mümkündür, amma hansı şərtlərlə? -ŞƏRH OLUNDU

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi Cənubi Qafqazda postmünaqişə dövrünün əsas siyasi gündəliyini təşkil edən önəmli hadisədir. 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycanın hərbi-siyasi qələbəsi və beynəlxalq hüquqa əsaslanan mövqeyinin möhkəmlənməsi sülh prosesinin mahiyyətini köklü şəkildə dəyişib”. Bu sözləri SİA- ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Onun sözlərinə görə, bu gün artıq əsas sual sülhün mümkün olub-olmaması deyil, onun necə və hansı şərtlərlə təmin ediləcəyidir:

”Unutmamaq lazımdır ki, Azərbaycan Respublikası sülh prosesinə ilk gündən etibarən konstruktiv, ardıcıl və prinsipial yanaşma sərgiləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülmüş beş əsas prinsip — qarşılıqlı ərazi bütövlüyünün tanınması, dövlətlərin suverenliyinə hörmət, sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinə qarşı ərazi iddialarından imtina, kommunikasiya xətlərinin açılması — beynəlxalq hüququn fundamental normalarına əsaslanır və regionda davamlı sülh üçün real hüquqi baza yaradır. Azərbaycanın bu mövqeyi milli maraqlara tam uyğun olmaqla yanaşı, bölgədə sabitliyin və inkişafın təmin edilməsinə xidmət edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan üçün sülh müqaviləsi beynəlxalq hüququn təsdiqi və müharibənin siyasi-hüquqi yekunu kimi qiymətləndirilir.

Sülh prosesinin əsas əngəllərindən biri Ermənistanın qeyri-konstruktiv və ziddiyyətli siyasi mövqeyidir. Bir tərəfdən rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən isə konstitusiya, siyasi ritorika və diaspor təsiri altında revanşist elementlər bu bəyanatları faktiki addımlarla təkzib edir. Ermənistanın daxili siyasi mühiti də sülh prosesinə mənfi təsir göstərən əsas amillərdəndir. Cəmiyyət daxilində revanşist qüvvələrin təsiri, kilsə və diaspor strukturlarının destruktiv mövqeyi, eləcə də xarici siyasi mərkəzlərin təsir mexanizmləri rəsmi İrəvanın müstəqil və qəti qərar verməsini çətinləşdirir.

Azərbaycanın regional liderlik mövqeyi, enerji və nəqliyyat layihələri vasitəsilə yaratdığı strateji əhəmiyyət sülhün həm regional, həm də beynəlxalq miqyasda zəruri olduğunu göstərir. Ona görə də sülh müqaviləsi yalnız ikitərəfli sənəd deyil, Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri olacaq. Mövcud reallıqlar onu deməyə əsas verir ki, texniki və hüquqi baxımdan sülh müqaviləsinin imzalanması üçün zəruri şərtlər böyük ölçüdə formalaşıb. Lakin siyasi iradə məsələsi hələ də həlledici amil olaraq qalır. Azərbaycan bu qətiyyətli mövqeyi və siyasi iradəni açıq şəkildə nümayiş etdirir. Ermənistan isə tarixi fürsəti dəyərləndirib regional əməkdaşlıq yolu, yoxsa qeyri-müəyyənlik və təcrid şəraitinin davam etdirilməsi arasında seçim qarşısındadır. Milli maraqlar nöqteyi-nəzərindən yanaşdıqda aydın şəkildə görünür ki, Azərbaycan üçün sülh kompromis hesabına deyil, suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn tam təminatı əsasında mümkündür. Bu prinsiplərdən kənar istənilən “sülh” modeli nə davamlı, nə də qəbul edilən ola bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə