Ukrayna münaqişəsinin qısa müddətdə aradan qalxacağı fonunda, bütövlükdə Cənubi Qafqazın, xüsusilə Azərbaycanın, Ermənistanın, Gürcüstanın əhəmiyyəti, eləcə də bu regionla bağlı müzakirələr nəzərəçarpacaq dərəcədə görünməkdədir. Cənubi Qafqazdakı proseslərlə bağlı müzakirələrdə indiki ənənəvi spekulyasiyalar diqqəti daha çox cəlb edir. Bu regionda tendensiyaların köklü şəkildə dəyişməsi ehtimalının çox az olduğu qənaəti də mövcuddur və dünyanın ən tanınmış siyasətçiləri bəzən belə hesab edirlər ki, regionda köklü bir dəyişkənlik mümkün deyil. Bununla belə, nəzərə alsaq ki, bu il Ermənistanda bir seçki kompaniyası baş tutacaq, eləcə də seçkidən yenicə çıxmış Gürcüstanda hələ də Mixail Saakaşvili kimi Qərbin bir nümayəndəsi var, deməli, hansısa dəyişiklik ehtimalı da olsa ortaya çıxır. Şübhəsiz ki, hadisələrin gedişi hələ bundan sonra bəzi proqnozları verməyə imkan verə bilər.
Bildiyimiz kimi, Ermənistanda parlament seçkiləri qarşıdan gələn ilin ən mürəkkəb tapmacalarından biri hesab olunur. Ən azından erməni cəmiyyəti özü bu seçkini tapmaca hesab edir. Çünki həmin ölkədə siyasi stratiqrafiya çox mürəkkəbdir. Bir çox regional məsələlərin məhz bu ilki seçki kampaniyasının nəticələri ilə bağlı olduğunu düşünən ermənilər də az deyillər. Bu spektr nəqliyyat və logistika kommunikasiyalarının yenidən işə salınmasından tutmuş Azərbaycanla sülh sazişinə qədər əhatəli sayılır. Ola bilsin ki, postsovet Ermənistan tarixində ilk dəfə bu qədər müəmmalı vəziyyətin yarandığı düşünülməkdədir.
Hayların düşündüklərinə görə, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı daha az fəaldır və türk tandemi irəlidə hesab olunur. Amma Rusiya arasında gərginliyin bundan sonra daha da artdığını görən Ermənistandakı bəzi qüvvələr buna görə çox sevinərdilər. Ən azından qarışıqlığın yaranması, özləri üçün, daha doğrusu, hakimiyyətə çan atmaları üçün münbit şəraitin ortaya çıxması baxımından bunu arzulayardılar desək, yanılmarıq. Sözsüz ki, Paşinyanın komandası özü də müəyyən bir dəstəyə də inanır. Əlbəttə ki, 2026-cı ilin mayında keçiriləcək seçkiqabağı dövrdə Brüsselin ya Ermənistana “ən qısa müddətdə” vizasız giriş imkanı verəcəyinə, ya da yalnız hansısa bir “söz” verəcəyinə ümid bəsləyən Nikol və onun komandası bununla təskinlik tapir. Hər halda, bundan sonra baş verənləri izləmək bütövlükdə dünya ictimaiyyəti üçün də maraqlıdır və belə çıxır ki, proseslər təsirsiz ötüşməyəcək…
İstərdik ki, Ermənistanın daxili siyasi mənzərəsi haqqında bir qədər də bəhs edək. Hadisələrin gedişatından ortaya çıxan və görünən odur ki, seçkilər özünəməxsus ideoloji xarakter daşıyacaq. Təbii ki, Ermənistan hakimiyyətinin həmin seçkiləri müharibəyə qarşı sülh mübarizəsi kimi təqdim edəcəyi də istisna edilə bilməz. Bildiyimiz kimi, Ermənistan hökumətinin “Real Ermənistan” layihəsi var. Bəli, bu layihəyə lağ edənlər, xüsusən də həmin layihəni ələ salan haylar da az deyillər. Çoxdandır ki, ermənilərin bir çoxları həmin layihəni açıq şəkildə antimilli hesab edirlər. Amma buna baxmayaraq, belə bir layihə mövcuddur və bir növ, artıq qəbul edilməkdədir. Çünki konkret qərarlar, taktiki gedişlər və hətta strateji plan bu matrisin ətrafında cərəyan edir.
İllərdir şahidi oluruq ki, Ermənistan müxalifəti birləşə bilmir. Çünki müxtəlif məqsədləri və hədəf auditoriyasını erməni müxalifəti düzgün seçə bilmir. Bəziləri, daha dəqiq desək, Robert Köçəryana, “Bizim yol” hərəkatına, “üçüncü yol”un yeniliyinə tərəf can atanlar və Arman Tatoyan kimi Moskva ilə köklü fasiləsiz əlaqədə olanlara meyillilər arasında birlik çətin ki, mümkün ola bilər. Müxalifətin zəifliyi həddən artıq emosionallıqda və konsolidasiyanın, yəni toplaşma nöqtəsinin olmamasında özünü biruzə verir. Burada hətta kilsə, dini məsələlərə münasibət də az təsir etmir. Xüsusən də erməni baş nazirin hədəfində olan kilsə ilə də bağlı fərqli yanaşmalar var. Əslində, bunun özü də parçalanmaya rəvac verən köklü bir məsələdir. Bax elə bundan da istifadə edənlərin tapılacağı istisna edilə bilməz. Üstəlik, erməni cəmiyyətində həm Rusiya, həm də Qərbə meyilli qüvvələrin olması belə hansısa birliyin yaranmasına kifayət qədər böyük maneədir. Bunu elə erməni baş nazir Nikol Paşinyan da, onun rəqibləri də, üstəlik kənardan müşahidə edənlər də yaxşı bilirlər. Elə zənn edək ki, bu ilki seçki qabağı hansısa bir birləşməyə nail ola bildilər. Sual olunur ki, bəs yaxşı, onlar seçki günündən sonra necə bir ola bilərlər? Axı seçkidən sonrakı zaman fasiləsində də Ermənistanda həyat bitməyəcək. Belə çıxır ki, Ermənistan üçün cari il, 2026-cı il təlatümlərin başlanğıcı belə ola bilər. Bir sözlə, Cənubi Qafqazın haylar məskunlaşan ərazilərində hələ hansısa bir rezonans baş verə bilər və buna hazırlıqlı olmaq ən vacib məsələ hesab edilməlidir.
Regionun digər bir dövləti olan Gürcüstan üçün isə vəziyyət tamamilə başqadır. Çünki Gürcüstanda seçkilər artıq başa çatıb və təxmin edilənlər arxada qalıb. Bəli, hətta Moskva ilə substantiv dialoqa başlamaq üçün unikal imkanlar da açılıb. Bir çox politoloqların fikrinə görə, bu unikal imkanlar, təxminən 2028-ci ilin yazına qədər də hələ ola bilər. Çünki yalnız yeni seçki dövrünə daxil olmaqla hər şey, xüsusən də qeyd olunan imkanlar bitə bilər deyə düşünülür. Doğrudur, Gürcüstanla bağlı mənzərədə Mixail Saakaşvilini kənarda görənlər, onun artıq kənarda olduğunu düşünənlər də az deyillər. Amma belə düşünənlər bir məqamı da unudurlar ki, Saakaşvilinin irsi yaşayır və Mişikonun əsas konsepsiyası “tanınmadan danışmaq olmaz” hesab olunur.
Gürcüstan heç də qonşu Ermənistan kimi riskli və təhlükəli durumda olmasa da, həmin o Cənubi Qafqaz ölkəsi üçün də müvafiq olan “asılı” məqamlar danılmazdır. Siyasətçilərin əksəriyyəti belə hesab edirlər ki, Gürcüstan üçün məhz 2026-cı ildə çox şey Qərbdən asılı olacaq. Hər halda, Qərbin məhz Saakaşvili barədə xüsusi planları olmuş olsa, bu zaman Gürcüstanda da vəziyyət gürcülərin düşündükləri kimi olmaya bilər. Bəlkə də indi çox sakit görünən Gürcüstan birdən “yuxudan ayıla bilər” və ağılagəlməz toqquşmalar belə olar. Yəqin ki, Saakaşvili məsələsini Qərb istənilən vaxt müzakirəyə çıxarsa, Gürcüstan üçün bu arzuolunmaz nəticələrə gətirib çıxarar. Bu isə onu deməyə əsas verir ki, Gürcüstanla bağlı da tam əminlik mümkün deyil.
Digər Cənubi Qafqaz ölkələri ilə müqaisədə, 2026-cı ildə məhz Azərbaycanın daha sabit və stabil inkişaf yoluna davam edəcəyi qəbul edilməkdə və rəqibləri tərəfindən belə etiraf edilməkdədir. Rəsmi Bakının cari ildə də daha böyük uğurlara, nailiyyətlərə imza atacağı gözləniləndir və bu da səbəbsiz deyil. Əvvəla ona görə ki, Azərbaycan digər Cənubi Qafqaz ölkələrindən fərqli olaraq, hansısa himayəyə də eytiyac duymur, vasitəçiliyə də. Eyni zamanda, rəsmi Bakı ilə bağlı Qərbin də, Rusiyanın da hansısa bir qurması ola bilməz. Əksinə, indi enerji təminatı məsələsində məhz Azərbaycana ehtiyac duyulur. Avropanın ən qabaqcıl, ən inkişaf etmiş ölkələri Bakı nefti və qazı ilə enerji böhranına tab gətirəcəkləri qənaətindədirlər. Belə olan halda, ölkəmizə qarşı hansısa bir “xoşagəlməz addım” Qərbin qətiyyən maraqlarına xidmət edə bilməz. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, qonşu ölkələrlə bağlı düşünülənlər Azərbaycanla bağlı heç kəsin ağlına belə gələ bilməz.
Həm də axı ölkəmizdə hansısa bir nifaq ocağı yoxdur ki, istər Qərb, istərsə də Rusiya ondan istifadə edə bilsin. Əksinə, bütövlükdə dünya ictimaiyyəti çox yaxşı bilir ki, bu gün regionda sülhün, sabitliyin, stabilliyin həm təminatçısı, həm qarantı, həm də qoruyucusu elə Azərbaycandır. Bu gün Azərbaycanın dünyanın bir çox ölkələri ilə yüksək səviyyəli əlaqələrini, əməkdaşlıqlarını, strateji yaxınlıqlarını elə Qərb də bilir, Rusiya da. Xüsusən də, Türkiyə kimi bir qardaş ölkə ilə olan strateji münasibətlər, tərəfdaşlıqlar fonunda ölkəmizə pis nəzərlə belə baxmağa cürət belə ediləcəyi ağıla gələn deyil. Ölkəmiz heç zaman başqa bir Cənubi Qafqaz ölkəsi kimi alət ola bilməz və Azərbaycan-Türkiyə tandemi fonunda hansısa məkrli niyyətin baş tutmayacağı indi hər kəsə bəllidir və buna görə də ölkəmizlə bağlı fikirlər, niyyətlər belə qonşu ölkələrlə eyni ola bilməz. Bu baxımdan da məhz Cənubi Qafqaz ölkəsi olan Azərbaycan üçün 2026-cı ilin tamamilə stabillik, sabitlik dövrü, hətta daha sürətli inkişaf mərhələsinin ən sürətli dövrünün başlanğıcı olacağı zərrə qədər də şübhə doğura bilməz...
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB