“Mina təmizlənməsində təhlükəsizlik sürətdən hər zaman daha önəmlidir” - HƏRBİ EKSPERT DANIŞDI

"İşğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların (PHS) geniş yayılması təmizləmə prosesini həm mürəkkəbləşdirir, həm də vaxt baxımından uzadır. İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistanın 30 il ərzində sistemli şəkildə apardığı genişmiqyaslı minalanma, o cümlədən qeyri-xəritələnmiş, xaotik və məqsədli şəkildə humanitar obyektlərə yaxın ərazilərdə yerləşdirilən minalar bölgənin təhlükəsizliyinə uzunmüddətli təhdid yaradır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda aparılan təmizləmə əməliyyatları beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirilir və bu prosesin nisbətən ləng görünməsinin əsas səbəbi operativlik deyil, təhlükəsizliyin təmin olunmasıdır: "Mina təmizləmə işi yüksək riskli fəaliyyət olduğuna görə, sürət heç vaxt təhlükəsizliyin önünə keçə bilməz. ANAMA və digər əməliyyat qrupları həm mexaniki, həm də manul üsullardan istifadə edir, bununla yanaşı, xüsusi təlim keçmiş minaaxtaran itlər, dron texnologiyaları və geo-kəşfiyyat avadanlıqları tətbiq olunur.

Buna baxmayaraq, minaların yerləşdirilmə miqyası o qədər böyükdür ki, mövcud resurslarla tam təmizləmə prosesinin illər çəkməsi qaçılmaz görünür. Bu səbəbdən əlavə texniki-texnoloji tədbirlər, daha müasir sensor sistemlərinin tətbiqi, mina aşkarlama robotlarının sayının artırılması və süni intellekt əsaslı xəritələmə mexanizmlərinin genişləndirilməsi prosesin səmərəliliyini artırar. Eyni zamanda, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi, yeni texnologiyaların test edilməsi və təcrübəli minatəmizləmə qruplarının ölkəyə cəlb olunması riskləri azaltmaqla yanaşı işin keyfiyyətini yüksəldər. Bu məsələdə mühüm məqam həm də humanitar təhlükəsizliyin təmin edilməsidir. Minalar təkcə hərbi obyektlərdə deyil, yaşayış zonalarında, su mənbələri, yol kəsişmələri və kənd təsərrüfatı sahələrində yerləşdirildiyi üçün ərazilərin bərpası, köçlərin sürətləndirilməsi və iqtisadi fəaliyyətlərin başlanması birbaşa mina təmizlənməsi ilə əlaqəlidir. Ona görə də mina təmizlənməsi sadəcə təhlükəsizlik məsələsi deyil, həm də dövlətin sosial, iqtisadi və demoqrafik siyasətinin əsas dayaqlarından biridir.

Mina təmizləmə prosesi həm texniki, həm hərbi, həm də humanitar baxımdan son dərəcə mürəkkəbdir və sürətləndirilməsi yalnız resursların artırılması və daha müasir texnologiyaların tətbiqi ilə mümkündür. Buna baxmayaraq, prosesin ən vacib prinsipi təhlükəsizlikdir və bu prinsip qorunduğu müddətdə təmizləmə işlərinin mərhələli şəkildə, lakin etibarlı şəkildə aparılması zəruridir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə