"Bərpa sosial-iqtisadi və mədəni sahələri əhatə edir" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdış proqramının əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın məcburi köçkünləri, xüsusilə də məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar və Qarabağda, Şərqi Zəngəzurda firavan yaşasınlar. Yəni əsas məqsəd bundan ibarətdir". Bu fikirləri politoloq İlqar Vəlizadə SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, təəssüflər olsun ki, ötən 30 il ərzində Ermənistan tərəfi Azərbaycanın işğal etdiyi bütün əraziləri tamamilə talayıb, demək olar ki, bütün yaşayış infrastrukturunu məhv edib, viran qoyub: "Azərbaycan tərəfi isə bu infrastrukturu yenidən qurur, bərpa edir.

Bunu da demək lazımdır ki, bu ərazilər minalarla çirkləndirilib və çox təəssüf ki, bu minalardan təmizlənmə prosesi uzunmüddətlidir. Bütün dünyada bu belədir və Azərbaycanda da bu proses illərlə davam edir və davam edəcək. Bu da öz növbəsində məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesini ləngidir.

Lakin əsas məsələ budur ki, məcburi köçkünlər yurdlarına qayıtdıqdan sonra onlar təhlükəsizlik və eyni zamanda bütün məişət təminatları ilə təmin olunmuş şəraitdə yaşasınlar. Ona görə də onlar üçün tam infrastruktur qurulur. Burada həm enerji infrastrukturu, yol infrastrukturu, həm də sosial infrastruktur nəzərdə tutulur ki, bu da yaşayış yerinə qayıdış prosesinə müsbət təsir göstərir.

Ona görə düşünürəm ki, bu proses uzunmüddətli olacaq, amma eyni zamanda çoxlu sayda sakinləri, Azərbaycan vətəndaşlarını əhatə edəcək. Həmçinin onların iş yerləri ilə təmin olunması ilə bağlı konkret işlər aparılır və bu, kompleks şəkildə həmin ərazilərin bərpasını – sosial-iqtisadi, mənəvi, mədəni və ekoloji bərpasını – nəzərdə tutur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə