"“Şanxay ruhu”na sadiqliyin vacibliyi xüsusi qeyd olunub" - MÜNASİBƏT BİLDİRİLDİ

“Çin Xalq Respublikasının Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə görüşündə nəticə sənədi statusuna malik “Tiencin Bəyannaməsi” qəbul olunmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk sözlərinə belə davam edib: “Bəyannamədə qeyd olunur ki, hazırda dünya siyasəti, iqtisadiyyatı və beynəlxalq münasibətlərin digər sahələri dərin və tarixi transformasiya mərhələsindən keçir. Beynəlxalq sistem bir tərəfdən daha ədalətli və bərabər təmsilçiliyə əsaslanan çoxqütblü istiqamətə yönəlsə də, digər tərəfdən geosiyasi qarşıdurmaların artması müşahidə olunur. Bu hal isə həm ŞƏT regionunun, həm də bütövlükdə dünyanın təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid hesab edilir.

Sənəddə ABŞ-da Donald Tramp administrasiyası dövründə tətbiq olunan tarif artımlarına dolayı istinad edilmiş, bunun qlobal iqtisadiyyata, xüsusilə də beynəlxalq ticarətə və maliyyə bazarlarına mənfi təsir göstərdiyi vurğulanmışdır. Eyni zamanda, “Şanxay ruhu”na sadiqliyin vacibliyi xüsusi qeyd olunmuşdur.

Üzv dövlətlər bəyannamədə xalqların öz siyasi, iqtisadi və sosial inkişaf yolunu müstəqil şəkildə müəyyən etmək hüququnu dəstəklədiklərini bəyan etmişlər. Onlar həmçinin dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, bərabərliyinə hörmət, qarşılıqlı fayda, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmək və güc tətbiqi ilə hədələməmək kimi prinsiplərin beynəlxalq münasibətlərin sabit inkişafının əsası olduğunu vurğulamışlar.

TÜRKBİRKON-un Başqanı Hakan Aktürk təşkilatı “Qərb tərəfindən idarə olunmayan bir güc bloku” kimi səciyyələndirmişdir. ŞƏT-in üzvləri sırasında Çin, Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan və Belarus yer alır. Bundan əlavə, Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi statusu ilə təmsil olunur. Türkiyə, Azərbaycan, Ermənistan, Kamboca, Nepal və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşlarıdır. Aktürk gələcək proseslərin diqqətlə izlənildiyini vurğulamışdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə