"Dünya birliyi erməni vəhşiliyinin şahidi olacaq" - ŞƏRH EDİLDİ

“Xocalı faciəsi Azərbaycan xalqının qəlbində əbədi izlər buraxıb, ermənilərin törətdiyi vandallığı, vəhşiliyi yaddaşlardan silmək mümkün deyil. Xalqımıza qarşı törədilən qeyri-insani hərəkətə ilk rəsmi reaksiya verən, onu soyqırımı adlandıran, dünya miqyasında Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığındakı Sovet-rus ordusunun 316-cı alayın hərtərəfli hərbi dəstəyi ilə törədilənləri bəşəri cinayət adlandıran Ulu Öndərimiz Heydər Əliyev olub. Bundan sonra Ulu Öndərimizin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən Xocalı faciəsinin dünya miqyasında soyqırımı kimi tanıdılması prosesi davamlı olaraq aparılıb. Müxtəlif platformalarda Azərbaycanın ədalətsiz müharibəyə cəlb olunması, münaqişədə haqlı tərəf olduğumuz, xalqımızın ermənilər tərəfindən soyqırımına məruz qalması barədə həqiqət Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında “Xocalıya ədalət” beynəlxalq kampaniya aparılıb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, 2008-ci ilin mayından başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı faciəsinin beynəlxalq təbliği genişləndirilib: “56 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən 10-dan çox ölkə Xocalı faciəsini insanlığa qarşı cinayət, soyqırımı kimi tanıyıb. Faciənin bütün dünyaya çatdırılması, həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlar sırasında Prezidentin sərəncam və fərmanlarının rolu böyükdür. Qarabağın işğalının davam etdiyi müddətdə Bakıda ucaldılmış “Ana harayı” abidəsi xalqımızın, xüsusən də Xocalı sakinlərinin anım yerinə çevrilmişdi. Nə qədər ki, şəhid şəhər – Xocalı düşmən işğalında idi, insanlarımızın soyqırımı qurbanlarını yad edəcək yeri o abidə idi. Bu gün Xocalı azaddır, öz sakinlərini, doğmalarını qoynuna alır. Xocalı sakinləri ilə görüşündə Prezident İlham Əliyevin ilk sözlərindən biri Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin ucaldılması barədə olmuşdu. 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatından sonra digər tarixi torpaqlarımız kimi Xocalı rayonu da işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı. 25 fevral 2025-ci ildə Azərbaycan Prezidenti Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzaladı. Memorial Kompleks Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa ediləcək. Dünya birliyi erməni vəhşiliyinin şahidi olacaq”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə