"Bu tarixi hadisə bizə həmişə xatırladacaq ki, ermənilər kimdir" - AYDINLIQ GƏTİRİLDİ
"Azərbaycan Prezidentinin işğaldan azad olunmuş Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı imzaladığı sərəncam tarixi bir sərəncamdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, hər şeydən əvvəl ona görə ki, Bakıda ucaldılan Xocalı soyqırımına həsr edilmiş abidədən sonra Xocalıya qayıtmaq və Xocalıda həyatın bərpa olunması, Xocalı sakinlərinin öz yurd-yuvalarına qovuşması özü bir tarixi hadisədir: "İkinci məsələ ondan ibarətdir ki, Xocalı faciəsi bizim qan yaddaşımızdır. Xocalı tarixi yaddaşımız, faciə yaddaşımız, kədər yaddaşımızdır. Biz tarixi unutmamaq üçün erməni vandalizmini və terrorunu, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımını dünyaya yenidən tanıtmaq üçün belə bir kompleks yaratmalıyıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamın başqa bir əhəmiyyəti də elə bundan ibarətdir.
Sərəncamda qeyd olunan məsələlər düşünürəm ki, ayrıca bir tarixi yaddaşdır. Xocalı soyqırımı "nə şəkildə?, necə?, kimlərin iştirakı ilə?, nə üçün törədildi?" məsələləri Prezidentimizin imzaladığı sərəncamda qeyd olunur. 366-cı Sovet motoatıcı diviziyasının orada iştirakı qeyd olunur. Bu, həm də tarixi yaddaşdır. Düşünürəm ki, bu, eyni zamanda tarixi ədalətin bərpasıdır. Həm də Azərbaycan xalqının əzminin, iradəsinin göstəricisidir. Xocalı soyqırımının törədilməsindən 33 il sonra imzalanan bu sərəncam 33 illik intervalda Azərbaycan xalqının öz hüquqlarını bərpa etməsi üçün necə əzmkarlıqla, necə qətiyyətlə verdiyi mübarizənin təsviri və xülasəsidir. Ona görə də, düşünürəm ki, bu tarixi hadisə bizə həmişə xatırladacaq ki, ermənilər kimdir, onlar bizə qarşı necə qəddarlıqla soyqırımı törədiblər".
Bütün xəbərlər Facebook səhifəmizdə