"XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsinin dünyaya soyqırımı kimi tanıdılması dövlətimizin əsas çağırışları sırasındadır. Xocalı soyqırımının əsl hüquqi qiymətini alması və dünyanın belə bir cinayətdən xəbərdar olması ilə bağlı addımlar Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra atıldı. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edildi. Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində ardıcıl şəkildə iş aparılır. Heydər Əliyev Fondunun Xocalı soyqırımı ildə bağlı faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini xüsusi qeyd etmək lazımdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da gücləndirir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətə çatdırılır. Həmin kampaniya sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-nin 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda baş vermiş faciəni soyqırımı kimi tanımış və pisləmişdir. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur". Bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək Xocalı şəhidlərinin, ümumilikdə bütün şəhidlərimizin qanını yerdə qoymadı: "44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror əməliyyatında Azərbaycan Ordusunun rəşadəti və qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız, o cümlədən Xocalı işğaldan azad olundu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldıldı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və bununla bağlı beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirir. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Dövlət başçısı İlham Əliyevin 25 fevral 2025-ci il tarixli “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı da Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədini daşıyır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub. Xocalı şəhəri bu gün həyatının quruculuq mərhələsini yaşayır. Azad, abadlaşan Xocalı şəhərində yaradılacaq Xocalı Soyqırımı Memorial Kompleksi bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində mühüm rol oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə