"Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə uğurla nail olur" - DEPUTAT DANIŞDI

“Xocalı soyqırımı Azərbaycan xalqının taleyində ən qanlı faciələrdən biridir. Bu hadisəyə siyasi qiymət verərkən, Ulu Öndər Heydər Əliyev onu bəşəri cinayət adlandırmışdır: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyət tarixində cinayətdir. Xocalı faciəsi Ermənistanın millətçi və vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməz təzahürüdür”.

Faciənin misli görünməmiş miqyası statistik məlumatlardan görünür. Bunu demək kifayətdir ki, 33 il bundan öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 60-a qədər insan xüsusi qəddarlıqla, ağır işgəncələr verilərək öldürülüb, Xocalı şəhəri yerlə-yeksan edilib”. Bu sözləri Milli Məclisin deputatı Əli Hüseynli SİA- ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu qanlı hadisə bir çox müxtəlif aspektlərdən araşdırılmaqdadır: “Həmçinin qeyd edilməlidir ki, Xocalı soyqrımına siyasi qiymət məhz Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra verilmişdir. Çünki faciənin baş verdiyi sonrakı dövrdə Azərbaycanın rəhbərliyində olanların özləri bu hadisə ərəfəsində cinayətkarcasına laqeydlik və qətiyyətsizlik nümayiş etdirmişdilər. Ona görə də Xocalı soyqırımına heç bir halda obyektiv siyasi və hüquqi qiymət verə bilməzdilər. Bu məsələ ilə əlaqədar aparılan istintaq araşdırmaları nəticəsində hadisədə günahkar olan AXC funksionerlərinin məsuliyyətsizliyi də müəyyən edilmişdir. Yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etmişdir.

Düşünürəm ki, Xocalı soyqırımına ilk növbədə beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində qiymət verilməlidir. Azərbaycan höküməti və ictimaiyyəti tərəfindən bu istiqamətdə çox məhsuldar, mühüm addımlar atılmışdır. Çünki Holokost soyqırımı ilə müqayisə olunan bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş vandalizm aktıdır.

Soyqırım anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul etdiyi “Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalar haqqında” konvensiya ilə müəyyən edilmişdir. Xocalı soyqırımı indiyədək 20-ə yaxın ölkənin parlament aktlarında tanınmış və xatırlanmışdır. Həmçinin ABŞ-nin 20-dən çox ştatı müvafiq parlament qətnamələri qəbul etmişdir. 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul etmişdir. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı İslam Zirvə konfransının yekun kommunikesində üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylər göstərməyə çağırış etmişlər”.

Əli Hüseynli bildirib ki, bu istiqamətdə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın göstərdiyi fəaliyyət xüsusi qeyd olunmalıdır: “Onun təşəbbüsü və rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniya bu qanlı faciənin tanıdılmasına böyük töhfələr verməkdədir. Lakin təəssüf ki, indiyək Xocalı soyqırımına beynəlxalq səviyyədə genosid cinayəti kimi qiymət verilməyib. Bu, ilk növbədə Qərbin ikili standartlarla Azərbaycana yanaşması və azərbaycanofobiya ilə əlaqəlidir. Bu məsələdə beynəlxalq erməni mafiyası da güclü mövqeyə malikdir.

Lakin indi zaman dəyişib. Xalqın etimadına arxalanan və ordumuzun gücünə güvənən prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bənzərsiz sərkərdəliyi sayəsində əldə etdiyimiz tarixi Zəfər nəinki Cənubi Qafqaz bölgəsində, bütövlükdə Avrasiya məkanında yeni geosiyasi reallıqlar yaratmışdır. Qarabağın separatçılardan təmizlənməsi ilə ölkəmiz ərazi bütövlüyü ilə yanaşı, həm də tam suverenlik əldə etmişdir. Bu gün regionun lider dövləti olan, müstəqil siyasət yürüdən Azərbaycan elə bir mövqeyə və gücə malikdir ki, onunla beynəlxalq səviyyədə hesablaşmamaq mümkün deyil. Son illərin misilsiz tarixi nailiyyətləri ona dəlalət edir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə uğurla nail olur və bu dinamika artan sürətlə davam edir. "Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq" söyləyən cənab İlham Əliyevin qətiyyətlə yürütdüyü müstəqil, ardıcıl siyasət bütün sahələrdə ölkəmizi daha güclü mövqeyə daşımaqdadır. Bu günlərdə davam edən erməni separatçılarının mühakiməsi həm də Azərbaycan xalqında belə bir əminlik yaradır ki, Xocalı soyqırımı da beynəlxaq cinayət məhkəməsində tezliklə öz obyektiv hüquqi qiymətini tapacaq”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə