Ermənistan tərəfindən DÜZGÜN DƏYƏRLƏNDİRİLMƏYƏN ŞANS – TƏHLİL

Şülh danışıqları, sülh gündəliyi ümumilikdə, Cənubi Qafqaz üçün günün ən aktual, ən vacib məsələsi olsa da, Ermənistan tərəfinin davranışları səbəbindən müəyyən ləngimələr yaranır. Sözsüz ki, həmin ləngimə heç də təsadüfi sayıla bilməz və bunun məlum səbəbləri var. Görünən odur ki, rəsmi İrəvan hələ də sülhə tələsmir, Qərbin oyunlarına alət olmaqda davam edir və beləliklə də öz şansını heç də düzgün dəyərləndirmir.

Haylar Qərbin oyunlarına alət olmaqla, öz şanslarını əldən vermiş olurlar

Xatırladaq ki, Cənubi Qafqazın iki ölkəsi, Azərbaycan və Ermənistan arasında danışıqlarla bağlı Rusiyanın mövqeyi çoxdan bəllidir. Bəlli olan odur ki, rəsmi Moskva ölkələr arasında danışıqlar platforması kimi çıxış etməyə hazır olduğunu dəfələrlə bildirib. “Rusiya söz verib və Moskvanın imzaladığı sənəddə də yazılıb ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına hər cür köməklik göstərəcək. Biz tərəflər arasında üstünlük verilən ikitərəfli formatda danışıqlar üçün platformamızın təqdim olunmasına davam etməyə hazırıq”, deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. Bu o deməkdir ki, Rusiya tərəfi danışıqlar üçün platforma təqdim etsə də, ikitərəfli formatda danışıqların tərəfdarıdır. Həm də Zaxarovanın sözündən belə aydın olur ki, Rusiya tərəflərin qərarına hörmətlə yanaşır və bunu doğru, eləcə də qəbuledilən hesab edir. “Biz iki müttəfiqimiz arasında balanslaşdırılmış sazişin bağlanmasını sülh memarlığının əsası hesab edirik. Onu kənardan kimsə yox, region ölkələri qurmalıdır”, deyən Rusiya XİN rəsmisi tərəflərin özlərinin bu danışıqları ikitərəfli qaydada aparmaq niyyətinə ölkəsinin hörmətlə yanaşdığını aydın şəkildə ifadə edib. "Əlbəttə ki, bu, bütün tərəflər üçün məqbul olmalıdır.", deyə Zaxarova bildirib və bununla da bəyan edib ki, rəsmi Moskva heç də hansısa başqa niyyətdə deyil. Bununla belə Ermənistan tərəfi Rusiyanın mövqeyi ilə razılaşmaq niyyətində görünmür. Baxmayaraq ki, ruslar məhz bütün danışıqların ikitərəfli qaydada, özü də tərəflərin maraqları çərçivəsində aparılmasına tərəfdar olduqlarını bəyan edirlər və ölkənin XİN rəsmisi də bunu açıq şəkildə bildirir, amma haylar yenə də öz maraqları üçün çalışan Qərbə meyl edilər. Beləliklə də rəsmi İrəvan, ümumilikdə erməni cəmiyyəti əlində olan şansı düzgün dəyərləndirmir və yenə də yanlış yolu tutur. Bir sözlə, haylar Qərbin oyunlarına alət olmaqla, öz şanslarını əldən vermiş olurlar.

Qərbi seçən Ermənistan hələ də səhvə yol verməklə, yanlış yolla davam etməkdədir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərindən açıq-aşkar şəkildə görünür ki, o, Moskvanın rolunun platformanın funksiyası ilə məhdudlaşdığını, eyni zamanda, ölkəsinin danışıqlarda moderator kimi iştirak etməyəcəyini bildirir. Diqqətə çatdıraq ki, bu, Münhendə qurulan və Almatıda davam edən ənənəyə də tam uyğun gəlir. Amma qeyd etmək yerinə düşər ki, Vaşinqton bu qaydadan bir qədər kənara çıxır. Çox aydın şəkildə görünür ki, ABŞ özünü təvazökar olaraq göstərsə də, üçtərəfli formatı canlandırmağa çalışır. Yəni, amerikalılar iki ölkənin öz aralarında danışıqlarını istəmir və müdaxilə etmək niyyəti də göz önündədir. Bəli, rəsmi Bakı heç də buna məhəl qoymur və ikitərəfli danışıqların tərəfində olduğunu açıq-aşkar şəkildə bəyan edir. Ağ Ev Azərbaycanla ultimatum dili ilə danışmağa çalışaraq, ABŞ-ın demokratik administrasiyasının açıq-aşkar qərəzli mövqeyini ortaya qoymuş olur. Bunu isə suveren, müstəqil ölkə olan Azərbaycan qətiyyən qəbul etmir və bundan sonra da etməyəcək. Amma Kreml isə tamamilə fərli yanaşma sərgiləyir və məhz tərəflərə öz iradəsini qətiyyən sırımağa cəhd belə etmir. Hətta bununla belə, Vaşinqtondan da daha çevik və yaradıcı yanaşma ortaya qoyur. Doğrudur, rəsmi Moskva belə bir yanaşma ilə Paşinyanın Rusiya ilə qarşılıqlı əlaqəyə hazırlığını da yoxlayır, Ermənistanın mövqeyini də. Amma əsas odur ki, ruslar heç də amerikalılar kimi qərəzli mövqedən və yalnız öz maraqlarından çıxış etmirlər. Buna baxmayaraq, Ermənistan Rusiyanı deyil, Qərbi seçir və hələ də səhvə yol verməklə, yanlış yolla davam etməkdədir.

Ermənistan tamamilə fərqli şəkildə davranır və heç də ikitərfli danışıqlarda maraqlı kimi görünmür

Ermənistanda keçirilən, daha dəqiq desək ABŞ-la birgə keçirilən hərbi təlimlər heç də rusların ürəyincə deyil. Rusiya XİN-in həmişə olduğu kimi, yenə də açıq şəkildə narazılığını bildirməsi bunu təsdiq edir. Hətta erməni baş naziri Nikol Paşinyanın, eləcə də onun hakimiyyət komandasının Moskvaya getmək niyyətində olmamasını müşahidə etmək də Kremli razı sala bilməz. Amma hələ də rəsmi Moskva hayların ərköyünlüyünə səbr nümayiş etdirir və hələ də danışıqların ikitərəfli qaydada aparılmasına tərəfdar olduğu bəyan edilir. Bütün bunların fonunda isə rəsmi İrəvan da vəziyyətdən sui istifadə edir. Rəsmi Bakı isə tamamilə fərqli mövqe ortaya qoyur və konstruktiv ikitərəfli danışıqlara hazır olduğunu ardıcıl şəkildə nümayiş etdirir. Heç şübhəsiz ki, Azərbaycan tərəfi Rusiyanın təşəbbüsünü, ələlxüsus da ikitərəfli danışıqlara hörmətlə yanaşmasını müsbət qiymətləndirir və qənaətbəxş hesab edir. “Azərbaycan Rusiyada və digər yerlərdə Ermənistanla danışıqlara həmişə hazır olub”, deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə TASS Agentliyinə Moskvanın məhz tərəflərin görüşünü təşkil etməyə hazır olmasını şərh edərkən bildirib. Bu o deməkdir ki, rəsmi Bakı konstruktiv ikitərəfli danışıqlara hörmətlə yanaşan tərəfə müsbət münasibət göstərir və bu yanaşmanı layiqincə dəyərləndirir. Ermənistan isə tamamilə fərqli şəkildə davranır və heç də ikitərfli danışıqlarda maraqlı kimi görünmür.

Şansı düzgün dəyərləndirməmək ermənilərin üçün bölgədə marginallaşmış vəziyyətdə qalmaq deməkdir

Azərbaycanın xoşməramlı jest etməsi, daha dəqiq desək, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Ermənistan rəhbərliyinə dəvət göndərməsi həqiqətən də böyük addımdır. Əslində, bu xoşməramlı təklif, yaxud dəvət Azərbaycanın sülh təklif edən tərəf olduğunu növbəti dəfə təsdiq edir. Doğrudur, Ermənistan tərəfi avqust ayı ərzində bu barədə düşünməyə söz verib. Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlardan bəlli olur ki, erməni baş nazir Nikol Paşinyan bu barədə, bu təklif, bu dəvət barədə müzakirələr də aparmaq niyyətindədir. Hər halda, daxili auditoriyadan çəkinən biri kimi Ermənistan lideri öz ölkəsinin ictimaiyyətinə bu təklifi dəyərləndirməyin vacibliyini həzm etdirmək fikrindədir. Çünki qorxur ki, bunu daxili auditoriyaya qəbul etdirmədən böyük narazılıqla qarşılaşa bilər. Sözsüz ki, narazılıqdan da özünə, öz hakimiyyətinə görə çəkinir və buna görə də ehtiyatla davranır, ilk öncə ölkəsinin ictimaiyyətini bir növ, razı salmağa çalışır. Məsələ burasındadır ki, təkcə erməni baş nazir Paşinyan deyil, erməni cəmiyyəti özü başa düşməlidir ki, sözügedən konfransa, COP29 konfransına dəvət özü də Ermənistan üçün, erməni cəmiyyəti üçün, haylar üçün növbəti bir şansdır. Bölgədə dalana dirənmiş, marginallaşmış vəziyyətdə olan bir ölkə üçün də, həmin ölkənin ictimaiyyəti üçün də belə bir beynəlxalq tədbirdə iştirak göydən düşmə sayılır, təbii ki, bunu ermənilər düzgün dəyərləndirmiş olsalar. Haylar bilməlidirlər ki, onlara belə bir təklif və dəvət olmaya da bilərdi və bu jest ölkəmizin xoşməramlılığını göstərir. Bilməlidirlər ki, imtina edəcəkləri, məkrli niyyətlərində israrlı olacaqları təqdirdə belə bir təklif, yaxud buna müvafiq bir dəvət bundan sonra olmaya da bilər. Başa düşməlidirlər ki, öz şanslarını düzgün dəyərləndirməyəcəkləri təqdirdə belə bir dəvəti ümumiyyətlə, gözləmələri də mənasız olar. Bu isə hayların bölgədə daha da kənarda qalması, elə dalana dirənmiş, marginallaşmış vəziyyətdə bundan sonra da qalması deməkdir. İstər ikitərəfli danışıqları, ələlxüsus, sülh gündəliyini ləngitmək, istərsə də Azərbaycanın təkliflərini düzgün qiymətləndirməmək Ermənistan üçün heç də arzuolunan nəticələr vəd etmir. Əksinə, yanlışlığa davam etmək, sülhə nail olmaq şansından istifadə etməmək haylar üçün, lap elə Ermənistan dövləti üçün xoşagəlməz sonluq deməkdir. İstənilən halda erməni cəmiyyəti öz şansını düzgün dəyərləndirməlidir, əks təqdirdə, yenə də yanlışlığa yol vermək onlara baha başa gələ bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə