"Dezinformasiya ilə mübarizə Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu müasir media tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlarda qalacaq və uzun illər istinad mənbəyinə çevriləcək. Hazırda dezinformasiya ilə mübarizə, əsasən faktların fərdi qaydada araşdırılması, saxta xəbərlərin, yaxud hekayələrin silinməsi və nəticələrinin ləğvi istiqamətində tədbirlərin həyata keçirilməsi yolu ilə aparılır". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

O bildirib ki, amma sıradanbir saxta xəbərin araşdırılmasına və təhlilinə bəzən saatlarla, hətta günlərlə vaxt sərf olunur: "Bu isə böyük maliyyə vəsaitləri, insan resursları tələb edir. Eyni zamanda vaxt keçdikcə dezinformasiyaların nəticələrinin aradan qaldırılması daha da çətinləşir, nəticədə dövlət və ictimai institutların etibarlılığı şübhə altına düşür, xaos və onun yarada biləcəyi çeşidli böhran vəziyyətləri üçün əlverişli zəmin formalaşır. Azərbaycan, uzun illərdən bəri intensiv dezinformasiya hücumuna məruz qalan bir ölkə kimi, məslələnin nə qədər ciddi olduğunu, bəlkə də hər kəsdən daha çox anlayır, dünyanın digər dövlətləri kimi, feyk məlumat və hekayələrlə mübarizənin yollarını axtarır, bu istiqamətdə hüquqi bazanın və anti-dezinformasiya alətlərinin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir".

"Forumda jurnalistlərin suallarını cavablandıran dövlətimizin başçısı ölkəmizə qarşı aparılan yalan və böhtan kampaniyalarının mahiyyətini tam dəqiqliklə ifadə edib. Dövlətimizin başçısı bildirdi ki, “biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Mən xatırlayıram ki, müxtəlif xarici qonaqlarla görüşlərimdə, səmimi söhbətlərdə, mütləq hallarda mənə ötürülən mesaj olur ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik və ona görə də bu narrativlər çox zərərvericidir. Bu, təkcə ölkənin nüfuzunu ləkələmir. Bu, ölkənin biznes potensialını, sərmayə imkanlarını azaldır. Bu, beynəlxalq ictimaiyyətin əsas məsələlərdən diqqətini yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir”.

Göründüyü kimi, dezinformasiyalar hibrid müharibələrin tərkib hissəsidir və bu qəbildən olan hücumların hədəfinə çevrilən dövlətlərin həyatının bütün istiqamətlərini hədəfə alır. 44 günlük Vətən müharibəsi dövründə informasiyanın cəmiyyət və onun ayrı-ayrı fərdləri, eləcə də dövlətin təhlükəsizliyi, dövlət institutlarının effektiv fəailiyyəti üçün həyati önəm daşıdığı bütün komponentləriylə gün işığına çıxdı. Amma döyüş meydanındakı şanlı qələbə, düşmənin və himayədarlarının informasiya təxribatlarına son qoymadı, əksinə daha da intensivləşdirdi. Hərbi-siyasi, diplomatik müstəvidə gücsüzlüklərini başa düşən düşmən qüvvələr ölkəmizi dezinformasiya, psixoloji qarşıdurma, hibrid müharibə elementlərinin hədəfinə çevirdilər. Bu baxımdan, dezinformasiya ilə mübarizə Azərbaycan üçün milli təhlükəsizlik məsələsidir və ölkəmizin ərazi bütövlüyünün qorunması, sərhədlərinin toxunulmazlığının təmin edilməsi qədər müstəsna əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin media forumunda jurnalistlərin ən müxtəlif mövzularda ona ünvanladıqları suallara verdiyi ətraflı sərrast cavablar, təkcə ölkəmizlə bağlı deyil, dünyada baş verən qlobal proseslərlə əlaqədar obyektiv dəyərləndirmələrin geniş vüsət almasına da zəmin yaradacaq" - deyə deputat, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə