“Azərbaycanda demokratiya hansısa dövlətin tələbi ilə qurulmur“ - DEPUTAT RƏY BİLDİRDİ

“Prezident İlham Əliyev heç vaxt qəbul etməyib ki, Azərbaycanda siyasi dustaqlar var. Ona görə də Əli Kərimlinin bu barədə qeyd etdiyi sözlər doğru deyil. Həqiqətən də dövlət başçısı İlham Əliyev “WikiLeaks”-in qurucusu Culian Assanjın azad olunması məsələsini irəli sürüb ki, ilk növbədə bu işlə məşğul olun”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Bütün dünyaya məlumdur ki, Culian Assanj doğurdan “WikiLeaks” saytında sirləri açdığına görə əsl siyasi dustaq kimi həbs olunub. Azərbaycanda isə həbs olunanların heç birini bu cür motivlərlə məhkumluq verilməyib. Ona görə də mən bu müqayisəni doğru hesab etmirəm”,- deyə o əlavə edib.

Bundan əlavə millət vəkili qeyd edib ki, Culian Assanj tamamilə azad olunmayıb: “Sadəcə olaraq o, zaminə buraxılıb və məhkəmə prosesi davam edəcək. Ölkəmizdə də zaminə buraxılan və məhkəməsi davam edən məhbuslar var. Azərbaycanda demokratiya hansısa dövlətin tələbi ilə qurulmur. Biz demokratiyanı özümüzəməxsus tərzdə bərqərar etməli, vətəndaşlarımızı kimdənsə asılı olmadan müdafiə etməliyik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə