Qarabağdakı sülhdən kim daha çox qazandı və qazanacaq? - TƏHLİL

2020-ci ilin sonlarında Qarabağ bölgəsində hərbi əməliyyatlara son qoyuldu və Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi imzalandı. Ancaq bu razılaşmanın hər iki tərəf üçün hansı nəticələri doğurduğu və tərəflərin bölgədəki maraqlarına necə təsir etməsi daima müzakirə mövzusu olub. Azərbaycan üçün bu saziş uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmasını ifadə edir. Azərbaycan tərəfi üçün öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, milyonlarla məcburi köçkün azərbaycanlıya öz evlərinə qayıtmaq imkanı yaradır. Bu, həm də iqtisadi inkişaf və regional sabitlik baxımından böyük addım kimi qiymətləndirlə bilər. Ümumilikdə bu müqavilə Azərbaycan üçün çoxdan gözlənilən qələbənin simvoludur.

Lakin Ermənistan üçün vəziyyət birmənalı qarşılanmır. Müqavilə Ermənistanın Dağlıq Qarabağda verdiyi ərazi itkilərini tanıması demək olsa da müəyyən kütlə üçün ölkədə travmatik blokada dövrünün başa çatması deməkdir. Eyni zamanda atəşkəsdən sonra Ermənistanda yaranan siyasi-ictimai böhran hələ də öz aktuallığını qoruyur. Digər tərəfdən atəşkəs sazişi və sonraki potensial müqavilələr Ermənistan üçün yenidənqurma və sabitliyin təmin edilməsi, eləcə də beynəlxalq münasibətlərdə pozitiv nüfuz baxımından həyati əhəmiyyət kəsb edir.

Eyni zamanda regional və beynəlxalq aktorların bu sazişi necə dəyərləndirdiyi də tərəflər üçün müəyyən qədər əhəmiyyətlidir. Rusiyanın vasitəçiliyi ilə əldə edilən bu razılaşmanın Rusiyanın regionda təsirini artıdığını və Moskvanın Yaxın Şərqdəki digər məsələlərə müdaxilə imkanlarını gücləndirdiyi bizə məlumdur. Digər tərəfdən, Azərbaycana dəstəyi ilə regiondakı rolunu gücləndirən Türkiyə, Azərbaycanla münasibətləri daha da irəlilədərək müttəfiqlik sazişi (Şuşa Bəyannaməsi) imzalamışdır. Bölgədə təsir dairələrini dəyişdirən regional güclərin yaratdığı qarşılıqlı ehtiyyatlanma vəziyyətindən sonra Qarabağdakı status-kvo daha sabit görünür. Yəni, Azərbaycanın öz hərbi gücünü sübut etməsi, Türkiyənin bölgədəki varlığı, Qafqazdakı güc balansını Azərbaycanın lehinə dəyişib.

Nəticədə İkinci Qarabağ müharibəsindən sonraki sülh şəraiti hər iki tərəf üçün mühüm dəyişikliklər yaratdı. Belə ki, bölgədəki sülh və əminamanlıq Azərbaycan üçün ərazi bütövlüyünün bərpası və iqtisadi inkişaf imkanları, Ermənistan üçün isə beynəlxalq ictimaiyyətlə yeni başlanğıc və reinteqrasiya imkanları təklif edir. Azərbaycanın qazancı nisbətən daha qısa perspektivdə ortaya çıxsa da Ermənistanın əldə edəcəyi avantajlar daha uzun dönəmdə özünü göstərəcək. Normallaşma prosesi davam etdikcə Ermənistan, Türkiyə-Azərbaycan əməkdaşlığına tərəfdaş kimi qoşula və bu şəraitdən çox qazanclı çıxa bilər. Amma görünən odur ki, daxili çaxnaşmalar, revanşist təziqlər davam etdikcə Ermənistan bu inkişaf prosesinin xaricində qalacaq və Zəngəzur dəhlizi kimi hamının qazanclı çıxacağı regional lahiyələrə mane olmağa çalışacaq. Konstruktiv analizə əsaslansaq Ermənistanın bölgədəki sülhə necə baxdığı hakimiyyətin tərkibindən asılıdır. Beləliklə bölgədəki sülhün davamiyyəti və inteqrasiyanın gələcəyi Ermənistan tərəfinin baxış bucağından asılıdır. Regional və qlobal dinamikların dəyişməsinin də Qarabağdakı sabitlik üzərində kifayət qədər təsiri var. Məsələn Ukrayna müharibəsi, ABŞ seçimləri, Rəisinin vəfatı və digər hadisələr bölgədəki güc balansına, Ermənistandakı hakimiyyətin mənşəyinə və dolayısı ilə tərəflərin sülh vəziyyətindən əldə edəcəyi qazanca təsir edir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə