Güvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL

Son günlər şahidi olduğumuz hadisələr onu deməyə əsas verir ki, deyəsən, rəsmi İrəvan öz siyasətində müəyyən bir dönüş yaratmaq niyyətində görünməyə çalışır və hər halda, buna nə dərəcədə nail olacağını zaman göstərər. Azərbaycanla indi münasibətləri normallaşdırmaq üçün cəhd göstərildiyi barədə təsüvvür yaratmaqda, fikir formalaşdırmaqda olan Ermənistan hakimiyyətinin ritorikasındakı fərqlilik də özünü göstərməkdədir. Amma dəfələrlə öz mövqeyini, öz yolunu, strategiyasını belə dəyişən bir ölkə kimi, Ermənistana güvənmək də olmur və ümid edirik ki, ən yaxın zamanda reallıqlar ortaya çıxacaq.

Nikol dönüş yaratmaq, münasibətləri normallaşdırmaq istəsə belə buna nə dərəcədə nail olacağına heç özü də əmin deyil

Ermənistan tərəfinin işğalı altında saxlanılan 4 kəndin Azərbaycana qaytarılması barədə qərara gələn Paşinyan hakimiyyətinin özünün də, bu qərarının da bəzi qarışıqlıq salmağa meyilli qüvvələr tərəfindən necə qarşılandığı ən azından, onların yolu kəsib etiraz aksiyası keçirmələrindən, eləcə də İrəvanın küçələrində xırda aksiyalar təşkil etmələrindən bəlli oldu. Bir sözlə, hazırkı Ermənistan hakimiyyətinə, şəxsən Nikol Paşinyana müxalifətdə olanların mövcud vəziyyətdən istifadə edərək qarışıqlıq salmaq niyyətləri özünü göstərdi. Bu isə onu göstərir ki, erməni baş nazir nə qədər dönüş yaratmaq istəsə belə, nə qədər münasibətləri normallaşdırmaq qərarına gəlsə belə, fərqli ritorika ilə çıxış etsə belə, buna nə dərəcədə nail ola biləcəyinə heç özü də əmin deyil. Yəni, erməni baş nazirinin fərqli ritorikası nəinki digərlərində, heç özündə də bir güvənc yarada bilməyib və bəzən fikirləri ilə qarşı tərəfin reaksiyasını da öyrənməyə çalışdığı açıq-aşkar hiss olunur və bu da onun necə ehtiyat etdiyini göstərir. Hər dəfə müəyyən bir fikri ortaya atdığı zaman bunu necə həyəcanla etdiyini də müşahidə etmək olur. Ən azından qarşılaşa biləcəyi müəyyən qüvvələrdən qorxduğu belə aydın şəkildə görünür. Artıq erməni baş nazirin səkkiz nəfər cangüdənlə əhali arasına çıxması da təsadüfi deyil və bu barədə Ermənistana məxsus mətbuat səhifələri də yazırlar ki, Nikol indi nədənsə daha çox qorxu keçirməyə başlayıb.

Erməni baş nazirin Britaniya mətbuatına müsahibəsində verdiyi açıqlamalar müzakirələrə səbəb olub

Bilirik ki, erməni baş nazir Nikol Paşinyan bu yaxınlarda Britaniya mətbuatına müsahibəsində verdiyi açıqlamalarla diqqəti daha çox cəlb edib. Onun dedikləri həm Ermənistan daxilində, həm də ölkəsinin hüdudlarından kənarda müzakirələrə səbəb olub. “Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə praktiki prosesə başlamışıq ki, bu da təhlükəsizlik risklərinin azaldılması da daxil olmaqla, inanılmaz dərəcədə vacibdir”, deyə bəyan edən Nikol Paşinyanın, təhülkəsizlik riskləri dedikdə nəyi nəzərdə tutduğu hamıya bəllidir və bu baxımdan da müzakirələr səngimək bilmir. Erməni baş nazir Paşinyan, Ermənistanın 29 min 743 kvadrat kilometr ərazisindən kənara heç bir iddiasının olmadığını və Qarabağ uğrunda müharibə aparmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib. Eyni zamanda, Paşinyan sərhədlərin delimitasiyası üzrə praktiki prosesə başlanmasının vacibliyini də qeyd edib. İndi erməni cəmiyyəti yaxşı başa düşür ki, Nikol Paşinyan Ermənistanın həmin o dediyi 29 min 743 kvadrat kilometr ərazisini də olsa qoruyub saxlamağa çalışır. Hətta ermənilər özləri də hamıdan yaxşı bilirlər ki, baş nazirləri belə həmin rəqəmləri qoruyub saxlamaq baxımından bərk qorxur, çünki ərazilərinin əslində 29 min yox, 9 min olduğu hər birinə bəllidir. Hələ bundan sonra onların hansı şəkildə çıxış edəcəkləri də bu mənada öncədən proqnoz edilə bilməz və bu baxımdan fərqli ritorikaları beləcə güvənilən deyil.

Sülh göyərçini kimi çıxış edildiyinə ümid etməyə dəyməz və əsl məqsədi zaman göstərəcək

Hayların xislətində olan hiyləgərlik bizə artıq çoxdan tanışdır və tarix boyu onların hiyləgərcəsinə hansı yalanlara əl atdıqları, nə kimi manipulyasiyalar etdikləri, xüsusən də, xalqımıza bəllidir. Bir sözlə, hayların başında olan baş nazirin nə isə dediyi hələ heç də əminlik yarada bilməz və qətiyyən güvənilən deyil. Onun hələ hansı məqsədlə qeyd olunan ifadələri işlətməsi, həmin mövqedən çıxış etməsi aydın ola bilməz. O da diqqətdən yayınmamalıdır ki, baş nazir Paşinyan ərazi iddialarının olmaması ilə bağlı mesajlarını, eləcə də İrəvanın Qarabağ uğrunda döyüşməyi planlaşdırmadığına dair dediklərini, ilk növbədə, beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi üçün nəzərdə tuta bilər. Böyük ehtimalla bu elə belədir də. Hər dəfə məğlubiyyət acısı yaşayana qədər özlərini mifik qəhrəman kimi göstərməyə, bütün dünyaya sırımağa çalışan hayların sonda məğlubiyyətlə qarşılaşdıqları zaman necə yazıq, necə rəzil dona girmələri bizə iki əsrə yaxın müddət ərzində tanışdır. İndi də onların öz xislətlərindən əl çəkdikləri heç inandırıcı görünmür. Ən azından əldə etmək istədikləri maddi vəsaitləri, yardımları, iyanələri əldə etmək üçün hayların Qərb və Avropa qarşısından dondan-dona girməsi onlar üçün adi hal sayılır və bunu da hamıdan yaxşı biz bilirik, xalqımız bilir. O baxımdan da Nikol Paşinyanın hələ hansı məqsədlə belə sülh göyərçini kimi çıxış etməsinə ümid etməyə qətiyyən dəyməz və əsil məqsədini zaman göstərəcək.

Azərbaycanın bölgədə söz sahibinə çevrilməsi, dünya ölkələrinın rəsmi Bakı ilə hesablaşması fonunda açıqlama başqa cür ola bilməzdi

Onu da nəzərə almaq lazımdır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bizim mükəmməl qələbəmizlə, Zəfərimizlə başa çatdıqdan və Qarabağın 2023-cü ilin sentyabrında yekun olaraq Azərbaycanın nəzarətinə qaytarılmasından sonra regional vəziyyətin tamamilə Azərbaycanın xeyrinə dəyişdiyini bilməyən yoxdur. Bunu, bu həqiqəti danmaq belə mümkün deyil. Həmin həqiqəti elə erməni baş nazir Nikol Paşinyan özü də yaxşı bilir. Yaxşı bilir ki, Azərbaycan regionun lider dövləti olduğunu artıq sübut etdi. Yaxşı başa düşür ki, öz potensialı, öz gücü və qüdrəti ilə Azərbaycan regionda fərqli yerdə, fərlqli məqamdadır. Vovayeviç hər dəfə diplomatik görüşlərdə belə görür və bir-birinin ardınca əmin olur ki, Azərbaycan artıq bölgədə söz sahibinə çevrilib və dünya ölkələri məhz rəsmi Bakı ilə hesablaşırlar. Qərbin də Avropanın da rəsmi Bakının iradəsinə təsir edə bilmədiyini də hər bir erməni kimi, elə Nikol da müşahidə etməkdədir. Azərbaycanın qonşu ölkələrlə münasibətlərini müttəfiqlik həddinə çatdırdığı, bütün dünya ölkələri ilə əlaqələrini daha da yaxşılaşdırdığı, yeni-yeni qlobal layihələrdə iştirak etdiyi, iqtisadi baxımdan inkişaf etdiyi danılmaz həqiqətlərdir ki, bunu başda elə Paşinyan özü olmaqla, bütün ermənilər də, onları müdafiə etmək istəyənlər də görürlər. Deməli, belə çıxır ki, Britaniya mətbuatına müsahibəsində erməni baş nazirin başqa şəkildə açıqlama verməsi də heç gözlənilən deyildi, çünki əks təqdirdə tamamilə başqa siyasi mənzərə ortaya çıxa bilərdi və bu heç də hayların arzuladıqları sayılmazdı. Bir sözlə, nəzərə almaq lazımdır ki, baş nazir tərəfindən deyilənlər, yəni, fərqli ritorika reallıqların fonunda hələ heç də əminlik yarada bilməz.

Reallıqla üz-üzə qalındığı zaman bildirildi ki, müharibədən, məğlubiyyətdən qaçmaq üçün kəndlərin qaytarılması daha yaxşıdır

Artıq haylar görürlər ki, sərhəd insidentləri zamanı KTMT və Rusiyanın dəstəyinə Ermənistan qətiyyən ümid edə bilməz, yaxud ermənilərin ümid etmələri axmaqlıqdır. Hər halda, buna 2021-2022-ci illərdə baş verən sərhəd insidentləri zamanı da əmin oldular. Bəli, niyə KTMT insident zamanı iştirak etmədiyi ilə bağlı Ermənistanda haylar tərəfindən “hay-küy” də qoparıldı. Rəsmi İrəvan bununla bağlı diplomatik görüşlərdə də iddialar ortaya qoydu, amma kəskin cavabını da dərhal almış oldu. Həmin təşkilat, yəni, KTMT tərəfindən bildirildi ki, qurum Azərbaycan və Ermənistan arasında sərhəd mübahisələrində iştirak edə bilməz. Açıq-aşkar bəyan edildi ki, hərbi blokun yurisdiksiyasının dəqiq məqamları yalnız Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasından sonra müəyyən edilə bilər. Deməli, rəsmi İrəvan daha bir reallıqla üz-üzə qaldı və odur ki, Aşağı Əskipara kəndinin sakinləri ilə ünsiyyət zamanı Paşinyan açıq şəkildə bildirirdi ki, müharibədən və nəticədə növbəti məğlubiyyətdən qaçmaq üçün Azərbaycan kəndlərini sülh yolu ilə qaytarmaq doğru yoldur və daha yaxşıdır. “Bizim siyasətimiz ondan ibarətdir ki, biz müharibənin başlanmasının qarşısını almalıyıq. Həm də bu səbəbdən biz qərara gəldik ki, bu ərazilərdə sərhədi dəqiqləşdirək”, deyən Ermənistanın baş naziri görünür başa düşürmüş ki, İrəvan üçün bütün məsələləri birbaşa Bakı ilə həll etmək və sərhədlərin demarkasiyası prosesini yubatmamaq ən doğru yoldur. Sözsüz ki, onu da başa düşür ki, İrəvanın real olaraq müharibə aparmaq potensialı qətiyyən yoxdur və Qərbdən irimiqyaslı müharibə üçün hərbi-texniki yardım edəcəyinə ümid etmək də bağışlanmaz səhv olar. Bu baxımdan Paşinyanın Qarabağ uğrunda döyüşmək planlarının olmaması ilə bağlı bəyanatları tamamilə başadüşüləndir.

Sərhədin delimitasiyası məsələsində irəliləyiş Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında müsbət addımdır

Etiraf edək ki, Qarabağın Azərbaycana məxsus olduğunu Ermənistan rəhbərliyi açıq şəkildə bəyan etsə də, tanısa da, həmin ölkənin Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları var. Məhz bu iddiaların fonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmaması ilə bağlı Paşinyanın bəyanatları sadəcə olaraq, deklarativ xarakter daşıyır. Amma bununla belə Nikol Paşinyanın artıq fərqli ritorika ilə çıxış etməsi Ermənistan rəhbərliyinin reallıqları qəflətən anlaması kimi də görünür. Hətta, istənilən yanaşma olsa belə, istənilən halda sərhədin delimitasiyası məsələsində irəliləyiş, indi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üçün müsbət addım olaraq qəbul edilməkdədir. Təbii ki, Azərbaycanda da öz növbəsində bu fakt müsbət qarşılanır və bu barədə rəsmi şəkildə də bildirilir. Bir güllə belə atılmadan, bir damcı qan tökülmədən Qazax rayonunun qeyri-anklav kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması ancaq təqdirə layiqdir və bütün dünya belə qəbul edir ki, bu, Azərbaycan diplomatiyasının ciddi nailiyyətidir. Bunu elə Ermənistan tərəfi də yaxşı başa düşür.

Əslində, rəsmi İrəvan çoxdan başa düşüb ki, Ermənistan üçün yeganə düzgün, doğru yol qonşuları ilə, ələlxüsus da Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan ibarətdir. Bəlkə də tarixin zibilliyindən boylanan Qarabağ klanı və ələlxüsus da revanşistlər, eləcə də erməni kilsəsinin təmsil etdiyi dağıdıcı qüvvələr olmasaydı Paşinyan hakimiyyəti başa düşdüyünü çoxdan etiraf edərdi. Belə etirafların edilməsi məsələsini həmin o barışmaz erməni müxalifəti bir qədər gecikdirir və arxa plana salır. Qeyd etdiyimiz kimi, hər halda, dörd kəndin Azərbaycana qaytarılmasına görə etirazlar da bəzi məqamları əyani şəkildə sübüt etdi. Amma bununla belə Nikol Paşinyan gec də olsa siyasi iradə nümayiş etdirməli, imzasının da, dediyi sözlərinin də arxasında durmalıdır. Amma, heç şübhəsiz ki, yaxın gələcəkdə baş verəcək hadisələr, eləcə də Nikol Paşinyanın gələcək addımları İrəvanın sülh gündəminə tam əməl etməyə hazır olub-olmadığını da, erməni baş nazirin dediklərinə nə dərəcədə etibar etməyin mümkünlüyünü bir daha göstərəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə