COP yolu: bizi nələr gözləyir? -ARAŞDIRMA

1980-ci illərin sonlarından başlayaraq, insan faktorunun, iqlim sisteminə mənfi təsirini və təzyiqini azaltmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq təşkilatların rəhbərliyi ilə bir sıra işlər həyata keçirilir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ( UNFCCC) 1992-ci ildə, Kioto Protokolu (KP) 1997-ci ildə, Paris Protokolu (PP) isə 2015-ci ildə imzalandı. UNFCCC, KP və PP, istixana qazı emissiyalarını məhdudlaşdırmaq üçün hüquqi tənzimləmələr tətbiq etməklə yanaşı, həm də beynəlxalq emissiya ticarəti, texnologiya və kapital məsələlərində də getdikcə fəallaşıblar.

İqlim dəyişikliyi ilə mübarizə kontekstində yaradılmış UNFCCC-nin qüvvəyə minməsindən sonra, tərəflərin fəal iştirak etdiyi, COP kimi tanıdığımız toplantılar keçirilməyə başlandı. Tərəflərin ilk konfransı olan COP 1, 1995-ci ildə Almaniyanın Berlin şəhərində təşkil olundu. Yaponiyanın Kyoto şəhərində Kyoto Protokolunun qəbul edildiyi COP 3, və Fransada, Paris Sazişinin qəbul edildiyi toplantı isə COP 21 kimi tarixə düşdü. Sazişin tətbiqi ilə bağlı danışıqlar hər il noyabr ayında müxtəlif ölkələrin ev sahibliyi ilə keçirilir.

COP, bu konvensiyanın ən üst qərarverici orqanıdır. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr COP-da təmsil olunurlar. Hazırda bu ölkələrin sayı 198-dir. COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etdi. Növbəti, COP29 olaraq adlandırılan konfrans 2024-cü ilin 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilib. Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir.

Azərbaycanın öhdəsinə düşür?

İqlim sazişində tərəfdaşa çevrilmiş ölkəmizin üzərinə düşən öhdəlikləri dəstəkləmək məqsədilə qarşıda bir çox vəzifələr dayanır. Beynəlxalq təşkilatlar və müqavilələr çərçivəsində ölkəmizin yerinə yetirməli olduğu vəzifələrdən ən vacibi, beynəlxalq hesabatların hazırlanmasına töhfə verməkdir. İqlim dəyişikliyi və yaşıl inkişaf siyasətlərinin müəyyən edilməsi və "2053-0 Emissiya Hədəfi"nə uyğun olaraq strategiya-fəaliyyət planlarının hazırlanması üçün lazımi elmi əsas yaratmaq istiqamətində məhsuldar işlər görməliyik. Tərəfdaş ölkələr həmçinin, iqlim dəyişikliyi ilə mübarizə və yaşıl dünyanın inkişafı üçün zəruri olan yerli və beynəlxalq maliyyə resurslarını araşdırmaq, akademik araşdırmalar aparmaq üçün imkanlarını səfərbər edir.

Bundan əlavə, qlobal, yerli və sektoral iqlim dəyişikliyinə uyğunlaşma ehtiyaclarını müəyyən etmək üçün araşdırmalar aparmaq, habelə, iqlim dəyişikliyinin təsirlərini müəyyən etmək üçün modelləşdirmə və risk qiymətləndirmə tədqiqatlarının aparılması, risk xəritələrinin hazırlanması da bu vəzifələrə daxildir. İqlim dəyişikliyi fəaliyyət planlarının monitorinqi və qiymətləndirilməsi, həm ölkə, həm də qlobal səviyyədə istixana qazları emissiyalarının monitorinqi və qiymətləndirilməsi, istixana qazı emissiyalarının azaldılması ilə bağlı sektoral strategiya müəyyənləşdirilməsi işlərinə töhfə vermək də tərəfdaş ölkələrin vəzifələrinə aiddir.

Qlobal təhlükə hamını hədəf alıb

İqlim dəyişikliyi və qlobal istiləşmənin miqyası ABŞ-ın Oreqon Universitetinin rəhbərliyi ilə dünyanın müxtəlif universitetlərindən olan alimlər tərəfindən hazırlanan "2023-cü ildə İqlim Dəyişikliklərinin Vəziyyəti: Naməlum Ərazilərə Giriş" adlı hesabatda müzakirə edilib. Oreqon Universitetinin professoru Dr. Vilyam J. Ripple 2023-cü ilin dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyi ilə bağlı ekstremalların çox olacağı bir il olacağını qeyd edir. O bu problemə diqqət çəkərək, qlobal orta temperaturun hər 0,1 dərəcə artmasının milyonlarla insanın ölümünə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

"BioScience" jurnalında dərc edilən araşdırmanı aparan mütəxəssislər, dünyanın iqlim dəyişikliyi mühasirəsində olduğunu deyirlər. Bildirilir ki, alimlərin onilliklərdir xəbərdarlıq etdiyi məsələlər artıq özünü büruzə verir, daha əvvəl heç kimin görmədiyi iqlim fenomenləri ilə qarşılaşma halları çoxalır. Hesabatda 2023-cü ilin dünyanın müxtəlif yerlərində iqlim dəyişikliyi ilə bağlı ekstremalların, o cümlədən rekord temperaturların, okeanların davamlı istiləşməsinin, Şimali Atlantika dənizinin su səthinin temperaturunun artmasının təhlükəsindən danışlır, Antarktidada buz səviyyəsinin indiyədək müşahidə edilməyən dərəcədə aşağı səviyyələrə enməsi vurğulanır.

Hesabatda, 2023-cü ilin iyun-avqust aylarının indiyə qədər qeydə alınan ən isti dövr olduğu, iyulun əvvəlində dünyanın ən yüksək qlobal gündəlik orta səth temperaturunun müşahidə edildiyi, 12 sentyabr tarixində isə temperaturun əvvəlki dövrdən 1,5 dərəcə yüksək olduğu bildirilir. Alimlər temperaturun yüksəlməsini dünyanın təhlükəli qeyri-sabitliyə doğru getdiyinin əlaməti kimi qiymətləndirir, bəşəriyyətin indi "naməlum iqlim qurşağına" daxil olduğunu deyirlər. 2023-cü il, iyulun 7-də Antarktidada aparılan ölçmələrə görə, dəniz buzu bu günədək məlum olan ən aşağı səviyyəyə enərək, 1991-2023-cü illərdəki orta hesabla 2,67 milyon kvadrat kilometrdən aşağı düşüb, Qrenlandiyada buzlaq kütləsi isə rekord səviyyədə azalıb. Ötən il okeanlarda turşulaşma da artıb.

Meşələr azalır, daşqınlar artır

Hesabatda, okeanların istiləşməsinin, dəniz canlılarının ölümünə və genişmiqyaslı tropik fırtınaların artmasına səbəb olduğu bildirilib. COVID-19 pandemiyasından sonra karbon emissiyalarının yenidən artdığı vurğulanan hesabatda, illik qlobal kömür istehlakının 2022-ci ildə bütün dövrlərin ən yüksək səviyyəsinə çatdığına diqqət çəkilir. 2021-2022-ci illərdə 17% artım olsa da, bu nisbətin qalıq yanacaq istifadəsi ilə müqayisədə 15 dəfə aşağı olduğu qeyd edilir.

Hesabatda, 2021-2022-ci illərdə qlobal ağac örtüyü itkisinin 9,7 faiz azalaraq 22,8 milyon hektara, Braziliyada Amazon meşələrindəki itkinin isə 11,3 faiz azalaraq 1,16 milyon hektaradək azalması müsbət hal kimi qiymətləndirilir. Alimlərin fikrinə görə, insanlar artıq meşələrin azalmasını dayandıracaq iqtidarda deyil. Hesabatda 2022-ci ildə ABŞ-da meşə yanğınlarının təsirinə məruz qalan ərazilərin həcminin, əvvəlki ilə nisbətən 6,3 faiz artaraq 2,88 milyon hektardan 3,07 milyon hektara yüksəldiyi, ötən ilin iyul ayında Kentukki və Missuri ştatlarında baş verən daşqınların 1 milyard dollar zərər vurduğu vurğulanıb.

Alimlər hesabatda, 2023-cü ildə Liviyada baş verən sel fəlakətinin minlərlə insanın ölümünə və ən azı 2 milyard dollar zərərə səbəb olduğunu, Hindistanın şimalında iqlim dəyişikliyinin təsiri ilə şiddətlənən musson yağışlarından sonra meydana gələn sel və torpaq sürüşmələrində, 100-dən çox insanın həyatını itirdiyini xatırladır. Çinin paytaxtı Pekində 147 min evin zərər gördüyü, son 140 ilin ən güclü yağışları nəticəsində baş verən selə və Myanmada 145 nəfərin həyatını itirdiyi Moça tropik siklonuna da istinad edən alimlər, bu nümunələri iqlim böhranı ilə bağlı fəlakətlərin ilk xəbərdarlığı kimi qiymətləndirir.

Alim: "Bəşəriyyəti xəbərdar etmək borcumuzdur"

Hesabatın aparıcı müəllifi və Oreqon Universitetinin Meşə Ekosistemləri və Cəmiyyəti Departamentinin müəllimi Ripple araşdırmanı qiymətləndirərkən ümidverici danışmayıb. Bəşəriyyəti dağıdıcı təhlükələrə qarşı xəbərdar etməyi bir alim olaraq borclu hiss etdiyini və bunun üçün bu araşdırmanı həyata keçirdiyini deyən alim, araşdırmanın məqsədinin, cəmiyyəti və qərarverici orqanları iqlimin təhlükəli vəziyyət alması ilə bağlı maarifləndirərək daha ciddi addımlar atmağa sövq etmək olduğunu bildirib.

İqlim dəyişikliyinin təhlükəli həddə çatdığını və qısa müddətdə bərpasının mümkün görünmədiyinə diqqət çəkən Ripple deyir ki, sadəcə hər 0,1 dərəcə istiləşmə milyonlarla insanın ölümü ilə nəticələnə bilər. Ona görə də bu cür istiləşmənin qarşısını almaq çox vacibdir. Qalıq yanacaqlardan istifadənin azaldılması bizim əsas prioritetimiz olmalıdır. Buna görə də alimlər, dünya ölkələrini, mədən yanacaqlarının istifadəsini tədricən azaltmağa və dayandırmağa, kömürdən istifadəni ləğv etməyə və qalıq yanacaqların yayılmasının qarşısını almağa çağırır. Həmçinin, meşələri qorumaq və yaşıllaşdırmanı yaxşılaşdırmaq prioritet məsələdir. Hesabat belə bir cümlə ilə yekunlaşır: "Hazırda müşahidə etdiyimiz fəlakətli iqlim təsirlərini nəzərə alaraq, zərərləri və insan itkilərini minimuma endirmək, təhlükəsiz iqlim uyğunlaşması üçün ciddi maliyyə qaynağı lazımdır".

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə