"Fransa və İranın maraqları Ermənistanda üst-üstə düşür" - ŞƏRH EDİLDİ
“Ermənistan hazırda güclərin toqquşma meydanına çevrilib. Faktiki olaraq Rusiya və qərb timsalında qərb burada nüfuz əldə etməyə çalışır”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin uzanması bütün hallarda Rusiyanın diqqətini bu regiona çəkir və Cənubi Qafqazda güc boşluğu yaranır: “Bu boşluqdan da Fransa istifadə etməyə çalışır və sürətlə Ermənistanı silahlandırır, Avropa İttifaqının missiyası adı altında burada hərbi kontingent yerləşdirməyə çalışır. Aydın məsələdir ki, həmin kontingentin Ermənistana gəldiyi ilk gündən etibarən hədəf Rusiyanın təsir dairəsini azaltmaq və ən nəhayətində Rusiyanın 102-ci bazası başda olmaqla hərbi qüvvələrini ölkədən çıxarmaq idi. Bundan sonra Fransa əraziyə öz kontingentini gətirməyi düşünür. İndiki məqamda da mülki missiya adı altında fəaliyyət göstərən kontingentin tərkibində fransalı kəşfiyyatçılar, keçmiş hərbçilər, hazırda hərbi mükəlləfiyyətli şəxslər var. Bu baxımdan Parisin Ermənistanda möhkəmlənməsi sadə bir iddiadan ibarət deyil”.
T.Rzayev bildirib ki, İran Fransadan sonra Ermənistanı ən çox silahlandıran ikinci ölkədir: “Cənubi Qafqazda Rusiyanın zəifləyən mövqeyini doldurmağa çalışan ölkələrdən biri də İrandır. Rusiya həm Fransa, həm də İran üçün Ermənistanda ciddi bir aktordur. Hətta Fransa və İranın Rusyanın mövqeyini zəbt etmək üçün ortaq hərəkət etməsi mümkündür. Müasir siyasi sistemdə ölkələrin maraqları dəyişkəndir. Bu regionda tərəflər arasındakı maraqlar kəsişməsə də, başqa bir regionda uzlaşa bilər. Hesab edirəm ki, Fransa və İranın maraqları Ermənistanda üst-üstə düşür. Çox sadə formada Fransa Ermənistanın şimalı, İran da cənubunda nüfuzunu artıra və beləliklə hər iki tərəf də istəyinə nail ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB