"AŞPA-ya çox ciddi şəkildə yenilənmə lazım olacaq” - DEPUTAT FİKİR BİLDİRDİ
“Azərbaycan Parlamentinin AŞPA-dakı nümayəndə heyətinin qərarını bəyənir və dəstəkləyirəm. Hesab edirəm ki, çox düzgün qərar verildi. AŞPA son illərdə özünün etibarını və ona olan etimadı tamamilə itirmiş bir quruma çevrilib, Fransa və Almaniyanın baş rol oynadığı absurd teatr olub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, AŞPA-nın Azərbaycana şübhə ilə yanaşmasına heç bir əsas yox idi: “Biz Avropa Şurasına daxil olarkən əsas məqsədimiz və ümidimiz Azərbaycan torpaqlarının işğal edilməsini AŞPA-nın pisləməsi idi. Həmçinin AŞPA-dan Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırmasını, demokratiya və insan hüquqlarının qorunmasına dəstək verilməsini gözləyirdik. Lakin keçən illər ərzində bir dəfə belə AŞPA-dan torpaqlarımızın qorunmasına dəstək verilməsini görə bilmədik.
Müxtəlif azlıqların haqlarını yüksək şəkildə qoruduqlarını bəyan etdikləri halda, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün öz ata-baba yurdlarından didərgin düşməsini bir dəfə belə dilinə gətirməyən yenə də AŞPA-dır. Buna görə də AŞPA-dan ədalət gözləməyimizə gərək yox idi. Xüsusilə Avropanın bir çox dövlətlərinin müxtəlif siyasi qurumları 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra əsl simalarını göstərməyə başladılar. Anti-Azərbaycan, anti-islam xüsusiyyətləri özünü açıq şəkildə göstərməyə başladı və onların ermənipərəst siması özünü büruzə verdi. 2023-cü ildə isə AŞPA ümumiyyətlə özünü Qafqazda tamamilə Ermənistan tərəfdarı və onun ən yaxın silahdaşı kimi aparmağa başladı. Əslində isə bu təşkilat hər zaman özünün tərəfsizliyi ilə seçildiyini bəyan edir. Buna görə də hesab edirik ki, AŞPA bu illər ərzində erməni işğalını gizli, sonra isə aşkar şəkildə dəstəkləyən bir təşkilatdır və onlarla əməkdaşlığımızın heç bir faydası yoxdur.
Azərbaycan nümayəndə heyəti də çox doğru olaraq sərt bir bəyanatla AŞPA-nı ifşa etmiş oldu və əməkdaşlığımız qeyri-müəyyən müddətə qədər dayandırıldı. Bu isə AŞPA üçün “soyuq duş” effekti olacaq. Onların Azərbaycan nümayəndə heyətinin bəyantından sonra qərarı isə “arxadan atılan daş topuğa dəyər” misalını xatırladır. Hesab edirəm ki, AŞPA-ya çox ciddi şəkildə yenilənmə lazım olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB