“Süquta məhkum olmuş sovet rejimi özünün son günlərində bütün mövcudiyyəti ərzində törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir faciəni də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə yeridilən sovet ordusu hissələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu. Bu, öncədən planlaşdırılmış hərbi cinayət idi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Bu hadisə xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Eyni zamanda, bizim müstəqil yaşamaq və mövcud olmaq maraqlarımızı, xalqın qəhrəmanlığını nümayiş etdirdi. 20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir. 20 Yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Qarabağın əlimizdən getməməsi idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu: “Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Təhlükələrdən çəkinməyərək 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib.
Deputat diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir”.
K.Bayramov əlavə edib ki, bu gün müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhları şaddır: “Çünki Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin Zəfər səhifəsini yazdı. Zəfərimiz qürurumuz, milli kimliyimiz, baş ucalığımızdır. Azərbaycan xalqı bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Bu gün müqəddəs Şəhidlər xiyabanında olduğu kimi, Qarabağda da Azərbaycanın şanlı üçrəngli bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq Zəfərlə Azərbaycan tarixində yeni mərhələ başladı. Bu mərhələ artıq azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə davam edir. İşğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Bu gün Azərbaycan bayrağı Xankəndidə dalğalanır, dövlət gerbimiz Xankəndinin mərkəzində yerləşən inzibati binanı bəzəyir. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi yaşayacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Xankəndidə Zəfər Günü münasibətilə hərbi paradın keçirilməsi hər bir azərbaycanlıda sözlə ifadə olunmayacaq qədər böyük qürur hissi yaşatdı. Qürürverici haldır ki, xalqımızın onilliklər ərzində olan arzuları çin oldu, ləyaqəti bərpa olundu. Bu gün azadlığına qovuşmuş torpaqlarımızda Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB