"Gənclərimiz 17 Noyabr tarixini vərəqləyərkən qürur hissi keçirirlər" - TARİXÇİ ŞƏRH ETDİ

“Azərbaycan xalqının respublikanın baş meydanı Azadlıq Meydanına axışaraq haqqını tələb etməsi bütün ittifaqda rezonans doğuran hadisə idi”. Bu barədə tarixçi Firdovsiyyə Əhmədova “Milli Dirçəliş Günü” ilə bağlı SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə XX əsrin sonlarında erməni separatizminə qarşı mübarizə geniş bir xalq hərəkatına çevrilib: “O zaman Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 70 il ötürdü. Azadlıq Meydanına cümhuriyyətin üçrəngli bayrağının gətirilməsi Azərbaycan xalqının milli dirçəlişindən xəbər verirdi. Xalqı bu addımı atmağa SSRİ rəhbərliyinin ikili siyasəti, təcavüzkarı dəstəkləməsi, təcavüzə məruz qalan tərəfi isə haqsız çıxarması təşviq edirdi. Həmin dövrdə Qarabağın dağlıq hissəsi demək olar ki, Azərbaycana nəzarətindən çıxmışdı və üstəlik mərkəzi hakimiyyət tərəfindən Qarabağa təyin olunmuş Volski ermənipərəst siyasət yürüdürdü. Topxana meşəsində ekoloji cəhətdən zərərli sənaye obyektinin tikilməyə başlanması bütün Azərbaycan xalqını ayağa qaldırmışdı. Azərbaycan xalqı öz hüquqlarını, Ermənistanın təcavüzünün dayandırılmasını, Qarabağın dağlıq hissəsində anti-Azərbaycan siyasətinin aparılmasının qarşısının alınmasını tələb edirdi. Məhz belə siyasət yeridən Volski komitəsinin ləğvi istənilirdi. Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiqi kimi tələblər irəli sürülmüşdü".

F.Əhmədova qeyd edib ki, həmin dövrdə ilk dəfə olaraq “Suverenlik”, “Azadlıq” kimi şüarlar səsləndirilmişdi: "17 noyabr 1988-ci ildən başlanan bu xalq hərəkatı Azərbaycan xalqının mütəşəkkil bir qüvvə olduğunu ortaya qoydu, milli dirçəlişə böyük bir vüsət verdi. Məhz bu dövrdən başlayaraq ardıcıl şəkildə Azərbaycan xalqı sonrakı təcavüzlərə, soyqırımına, Ermənistan ərazisindən azərbaycanlıların qovulmasına qarşı apardığı mübarizə də daxil olmaqla mübarizəni davam etdirdi. Azərbaycan xalqı bir gün də olsun ümidini itirməmişdi ki, ərazilərimizdə Azərbaycan hakimiyyəti tam bərqərar olacaq.

2023-cü ildə “Milli Dirçəliş Günü”nün qeyd olunması xüsusi bir ovqat içərisində həyata keçirilir. Azərbaycan Cümhuriyyətinin 105-ci, “Milli Dirçəliş Hərəkatı”nın 35-ci ilində sonuncu antiterror əməliyyatı ilə biz ərazilərimiz üzərində tam nəzarətə nail olduq. Azərbaycan xalqı bütün dünyaya əsarətlə, təcavüzlə barışmamağın bir nümunəsini göstərdi. Xalqımız apardığı savaşda heç bir əhaliyə qarşı zorakılıq aktı həyata keçirmədi. Öz ərazisində tolerant ənənələrə sadiqliyini nümayiş etdirdi. Qalib Azərbaycan məğlub Ermənistan dövlətinə, ərazisində yaşayan erməni sakinlərinə qarşı sülhpərvər qonşuluq siyasətini sübut etdi".

Tarixçi sonda bildirib ki, qonşu respublika ilə sülhpərvər siyasət tərəfdarı olan Azərbaycan təkcə öz maraqları üçün deyil, regionda sülh və sabitliyin bərqərar olması üçün səy göstərir: “Azərbaycan beynəlxalq aləmdə müstəmləkə siyasətinə, əsarətə, təcavüzə qarşı mübarizə aparan xalqların yanında olduğunu beynəlxalq səviyyədə bəyan edir. Bu baxımdan dövlətimizin paytaxtı Bakı şəhəri beynəlxalq tədbirlərə ev sahibliyi edir. İstər BMT istərsə də “Qoşulmama Hərəkatı” çərçivəsində Azərbaycanın atdığı addımlar onların rəhbərləri tərəfindən təqdir edilir. Azərbaycan Milli Oyanış Hərəkatının üzvləri ölkənin bütün bölgələrini əhatə edirdi. 1988-ci ildə bir yumruq olan Azərbaycan artıq 2020-ci ildə 2023-cü ildə “Dəmir Yumruq” və antiterror əməliyyatları ilə öz sözünü dedi. Azərbaycan dövlətçiliyində 17 noyabr önəmli bir tarixdir, bu tarixi vərəqləyərkən yalnız qürur hissi keçirirlər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə